“ƏZMİN MÖCÜZƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “STRESSİN İDARƏ OLUNMASI” MÖVZUSUNDA TƏLİM TƏŞKİL OLUNDU

Mart 14, 2024

Keçirdiyimiz pis və xoşagəlməz hadisələrdən dolayı panika, stress, depresiya, həyəcan həyatımızda rastlaşdığımız qaçılmaz faktorlardandır. Məhz bu səbəbdən Mərkəzimizdə təşkil olunan “Əzmin Möcüzəsi” layihəsi çərçivəsində “Stressin İdarə olunması” adlı psixoloji formatda keçirilən görüşümüz 10 mart tarixində baş tutdu. Layihə rəhbəri klinik-psixoloq Nigar Əlibəylinin təqdimatında təşkil edilən görüşdə qonaq qismində həkim-psixiatr, psixoterapevt Elmir Əkbər iştirak edirdi. Green Start Academy-nin direktoru Aysel Rəsulzadə qonaqları salamladıqdan sonra psixoloji söhbətlər və maraqlı müzakirələr edildi. Elmir Əkbər öz çıxışında stressin idarə olunmasının insanın öz iradəsindən asılı olmasını bildirdi. O, eyni zamanda panikatakın, depressiyanın, stressin simptomlarından da söhbət açdı.


Bugünkü həyatı stressiz təsəvvür etmək çətindir. Əksər insanlar gündəlik həyatda streslə qarşılaşır. Bir çoxları üçün stress peşələrinin bir hissəsidir. Yaşadığımız postpandemiya dövrü isə stress amilini, təsirini daha da artırmışdır. Streslə mübarizə aparılmadıqda, onu idarə etmədikdə iş səmərəliliyinin azalması, sağlamlığınızın pisləşməsi, konfliktlərin çoxalması ilə nəticələnir. Ona görə də gündəlik həyatımızda maksimum dərəcədə stessdən uzaq olmağı bacarmalıyıq. Həyatımızın normal şəkildə, yolunda getməsini biz özümüz idarə etməliyik. Qarşılaşdığımız pis hadisələr, yaşadığımız xoşagəlməz nüanslar həmişə olub və olacaqdır. Önəmli olan onların beynimizdə kök salmasına, bizi depressiya yaşamaq halına gətirməsinə imkan verməməkdir. Bu gün bir pis hadisə oldu və bitdi. Keçmiş keçmişdə qaldı. Sabah olacaqları düşünmək, hər anı dəyərləndirmək, keçmişə asılıb qalmamaq ən vacib şərtlərdəndir.
Yalnız xoş və gözəl düşüncələrə köklənərək stressin, depressiyanın bizi əsir etməsinə imkan verməyərək, bu xoşagəlməz hisslərdən uzaq ola bilərik. Gündəlik həyatımızda idmanla məşğul olmaq, sevdiyimiz bir məşğuliyyətimizin – hobbimizin olması da çox önəmlidir. Musiqi dinləmək, yoqa ilə məşğul olmaq depressiyadan xilas olmağın yoludur. Hər günə yenidən başlamaq, hadisələrə qarşı təmkin mövqeyli prizmadan yanaşmaq vacibdir.

Psixo-komfortlu xarakter daşıyan söhbətlərimiz mütəxəssislər tərəfindən iştirakçılara bu istiqamət üzrə bir çox faydalı məqamları açıqlamış oldu. Nigar xanım da iştirakçıların suallarını cavablandırdı, sağlamlıq imkanları məhdud olan uşaqların analarına tövsiyələrini bildirdi. Bu mövzu ətrafında geniş müzakirələr edildi. İştirakçılar üçün anket paylanılaraq, verilən suallar cavablandırıldı.
Sonda isə hər zamankı kimi kollektiv şəkil çəkilərək, bu gözəl gün tarixə həkk olundu.

8 MART- BEYNƏLXALQ QADINLAR GÜNÜ QADIN DÜNYASINA SƏYAHƏTFEVRAL – EMPATİYA AYI