1 APREL – ÜMUMDÜNYA GÜLÜŞ GÜNÜ

Aprel 01, 2024

Gündəlik həyatımızda günümüzün uğurlu və gözəl olması günə pozitiv şəkildə başlamamızdan asılıdır. Biz nə qədər günə pozitiv və müsbət şəkildə başlasaq, günün sonuna qədər bu şəkildə davam edəcəyik. Həyatımızın hər bir anını müsbət emosiyalarla dəyərləndirmək bizim psixoloji sağlamlığımıza da öz müsbət təsirini göstərmiş olur.
1 Aprel tarixi də gülüş və zarafatlarla dolu bizə bolluca əyləncə bəxş etmə imkanı yaradan xüsusi bir gün kimi təsis edilib. Bu günün tarixinin kökü qədim Romaya əsaslanır. Romada təxminən 2000 il əvvəl hazırkı “Gülüş Günü”nə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandıraraq, qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin bu təklifin həyata keçirilməsinə şərait yaradaraq, ilin bir günü Romanı zarafatcıl şəxsin idarə etməsinə qərar verib. Bu tarixi günün qeyd edilməsi ilə insanlar bu günü bayram kimi qeyd edərək gülür, əylənir və müxtəlif zarafatlar edirdilər.
Bu tarixi günün qeyd edilməsi ilə bağlı digər, müxtəlif fərziyyələr də vardır. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Bu zaman çərçivəsində insanlar gülüş dolu zarafatlar edərək əylənirdilər. Digər bir versiyaya əsasən isə “Gülüş Günü” 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar yeni ili məhz həmin gün – aprelin 1-də qarşılayırdılar. Amma Fransa kralı XVI əsrdən etibarən imzaladığı fərmana əsasən qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz əlaməti olaraq isə xalq tərəfindən müxtəlif tədbirlər keçirilirdi. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma buna baxmayaraq kral qərarını dəyişmədi. Aradan illər keçdi. Xalq yavaş-yavaş Yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmin günkü zarafatları yada salıb 1 aprel taixini “Gülüş Günü” kimi qeyd etməyi qərara aldılar. Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Həmin gün insanlar bir-birini aldadır və bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.
Təkcə aprelin 1-i deyil, qoy həyatımızın hər bir anı gülüş dolu gözəl günlərlə yaddaşlarda qalsın. Bütün sabahlarımız təbəssümlə açılaraq, bizlərə uğur və şans dolu günlər gətirsin!

31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ2 APREL – ÜMUMDÜNYA AUTİZM FƏRQİNDƏLİYİ GÜNÜ