Hələ kiçik yaşlarımızdan böyüklərimiz, valideynlərimiz bizə nəzakətli olmağı öyrədiblər. Yaxın qohumlarımız bizə hədiyyə aldığı zaman, əlimizə nə isə kiçik bir konfet belə verdikdə analarımızın bizə ilk öyrətdiyi – “İndi isə çox sağ ol demək lazımdır” kəlməsi olub. Beləcə, zaman keçdikcə şüurumuzda, hafizəmizdə “Çox sağ olun!”, “Təşəkkür edirəm!”, “Minnətdaram!” kimi nəzakətli sözlər dərin iz qoyaraq, bizim xarakterimizin formalaşmasında öz təsirini göstərib.
Təşəkkür əlaməti olaraq istifadə edilən xoş sözlər insanların psixikasına müsbət təsir göstərir. Onları ətrafdakılara qarşı pozitiv düşüncəli olmağa sövq edir. Kiçik yaşlı uşağın balaca bir uğurunu dəyərləndirmək, ona “Çox sağ ol!”, “Sən çox dəyərlisən!” söyləməyimiz onu dünyanın ən xoşbəxti edir. Valideynlərin uşaqlara belə xoş sözlər söyləmələri onların psixologiyasına müsbət təsir etməklə yanaşı gələcək həyatlarında yaxşı bir şəxsiyyət kimi yetişmələrinə də zəmin yaratmış olur. Məhz bu səbəbdən də daim uşaqlarımıza nəzakətli davranmalı və gözəl sözlər söyləməliyik ki, gələcəkdə cəmiyyətimizə sağlam ruhlu şəxsiyyətlər bəxş edə bilək. Atalarımız əbəs yerə deməyiblər ki, “Nə əkərsən, onu da biçərsən”, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Bunu yaddan çıxarmayaq ki, uşaqlarımızı necə tərbiyə ediriksə elə həmin xarakterdə də formalaşırlar. Təşəkkür anlamında deyilən sözlər insanlar arasında paxıllıq, həsəd kimi duyğuları da yox edir. Bu bizim bir-birimizə qarşı daha nəzakətli olmamıza yardımçı olur.
Bütün bu gözəl keyfiyyətləri yaratmaq bizim özümüzdən asılıdır. Həyatımızın mənalı, rəngarəng, gözəl olması üçün neqativ duyğuları bir kənara atıb, bir-birimizə dəyərli olduğumuzu hiss etdirməliyik. Bir xoş kəlmə söyləməklə bütün ətrafımızı və eləcə də öz ruhumuzu gözəlləşdirmiş olacağıq.
11 yanvar tarixi də bu sadaladığımız prinsiplərə əsaslanaraq, “Beynəlxalq Çox Sağ Ol Günü” kimi qeyd edilir. Bu tarix bütün dünyada diqqət və minnətdarlıq günü kimi təşkil olunaraq, insanların bir-birinə qarşı nəzakətli olmalarını təmin edir.
Ətrafımızı, mənəviyyatımızı, ruhumuzu gözəlləşdirən bütün insanlara təşəkkür və minnətdarlıq hissi duyuruq. Həyat xoş ünsiyyətdən, gözəl münasibətlərdən anlam qazanır. Nə yaxşı ki çevrəmizdə böyük ürəyə sahib, incə düşüncəli insanlar var.