12 MAY - ANALAR GÜNÜDÜR

May 12, 2024

Saf sevginin, müqəddəsliyin rəmzi olan analarımıza həsr edilən bu gözəl gün hər il may ayının ikinci bazar günü təntənəli şəkildə dünyanın bir çox ölkələrində bayram günü kimi qeyd edilir. Anaların şərəfinə keçirilən bu beynəlxalq bayram hələ XVII əsrdən XIX əsrədək İngiltərədə “Anaların Bazar Günü” adı ilə qeyd edilirdi. ABŞ-da isə ilk dəfə olaraq 1872-ci ildə məhşur İngiltərə pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. Onun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günü idi. Lakin sonralar onun bu konsepsiyası nə ABŞ-da, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan etmişdir. Bunun ardınca daha 23 ölkə bu bayramı may ayının ikinci bazar günü, sonra isə 30 ölkə müxtəlif günlərdə qeyd etməyə başlamışdır. Rusiya Federasiyası Prezidentinin 30 yanvar 1998-ci il 120 saylı fərmanı ilə noyabr ayının sonuncu bazar günü ölkədə “Analar Günü” kimi qeyd olunur. Qardaş Türkiyədə də bu bayram çox böyük coşqu ilə qeyd edilir.
“Analar Günü” həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır. Bu bayram hər bir qadın üçündür.
Ana məhfumu hələ qədim zamanlardan bu günə qədər Azərbaycan xalqının milli-mənəvi dəyərləri çərçivəsində xüsusi rola malikdir. Ana – bu kəlməni daşıyan, sözün əsl mənasında onun haqqını verən vətənimizin müqəddəs varlığıdır Azərbaycan anaları. 9 ay bizi öz bətnində daşıyan, hər nazımızı çəkən analar, nəinki vətənimizin hətta, bütün bəşəriyyətin müqəddəs varlıqlarıdır.

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Hər bir uğurumuzun arxasında analarımızın təmiz və pak duaları dayanır. Bizi çətinliklərlə dünyaya gətirən analarımıza hörmət və sevgimizi göstərməkdən çəkinməməliyik. Bütün milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, hər zaman ananı uca tutan, bütövlükdə dini-islami keyfiyyətlər üzərindən müsəlmançılıq prinsiplərinə əsaslanan bir müsəlman xalqı olaraq bu dəyərlərə ehtiram göstərən Azərbaycan milləti daima ana adına xüsusi yanaşaraq qadınlarımıza – analarımıza diqqət və qayğısını əsirgəməyib. Azərbaycan dövləti analarımızın yerinin bütün sferalarda özəl olmasının, onlara hörmətin göstərilməsinin vacibliyini daim diqqət mərkəzində saxlayıb.
Övladlarının yolunda canını sipər edən, “ana” kəlməsinin haqqını verən, gecə-gündüz min bir əziyyətimizə qatlaşan, başımızın tacı, gözümüzün nuru, qəlbimizin aynası, ruhumuzun qidası, mənəvi xəzinəmiz, bizi işıqlı dünyaya bəxş edən, bu dünyanın yeganə mələkləri olan analarımızı həmçinin, 44 günlük Vətən müharibəsində xalqımıza zəfər sevincini yaşadan şəhidlərimizin, qazilərimizin mələk simalı analarını “Beynəlxalq Analar Günü” münasibətilə ürəkdən təbrik edirik.
Xüsusilə, bu igidlərimizin sayəsində bu gün bizlər qalib xalq olaraq dünyanın hər bir tərəfində qürurla fəxr edirik. Əziz, nur üzlü şəhid və qazi analarımız, vətənimizə belə qeyrətli, namuslu, igidlər bəxş etdiyiniz üçün sizlərə dərin minnətdarlığımızı bildiririk. Bu gün sizin övladlarınızın sayəsində vətən torpaqlarımız mənfur düşməndən təmizlənmiş və azaddır. Şəhid anası, başını uca tut, sizlər bizim başımızın tacısınız!

10 MAY – ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR15 MAY – BEYNƏLXALQ AİLƏ GÜNÜDÜR