Mərkəzin təşkil etdiyi “M.Montessori: övladını kəşf et” təlimi mərkəzin psixoloqları – NLP master Rübabə Mərdanova və klinik-psixoloq Nigar Əlibəylinin təqdimatında keçirildi. Bu təlim öyrənməyə və öyrətməyə maraqlı olan valideynlər və digər şəxslər üçün nəzərdə tutulmuşdur. Təlim proqramı çərçivəsində mövzu ilə bağlı nəzəri və praktiki biliklərlə yanaşı, maraqlı oyun və texnikalar həyata keçirildi.
Təlimin keçirilməsində məqsəd sağlam cəmiyyətin qurulmasında uşaqların inkişafının vacibliyinə diqqət çəkməklə uşaqların bir şəxsiyyət kimi yetişdirilməsində valideynlərə, müəllimlərə, pedaqoqlara, psixoloqlara və müvafiq sahə üzrə təhsil alan tələbələrə yardımçı olmaq idi.
Təlim zamanı qarşımızdakı uşağa qarşı necə davranmalı, necə münasibət qurmalı, dilini necə anlamalı kimi suallara cavab tapıldı. Təlimi zamanı Montessori fəlsəfəsinin bir çox incəlikləri, o cümlədən həmin metod üzrə bir çox oyunların müəyyən texnikalar üzərindən tətbiqinə dair məlumatlar psixoloqlarımız tərəfindən paylaşıldı.
Psixoloq, NLP master Rübabə Muradova Montessori təliminin mahiyyətini, bu təlim haqqında fəlsəfi və nəzəri bilikləri iştirakçılara aydın şəkildə izah etdi.
Daha sonra isə klinik-psixoloq Nigar Əlibəyli öz çıxışında təlimin daha çox praktiki metodikasını bir çox nümunələr üzərindən təqdim edərək, Montessori təliminin bir neçə xüsusiyyətlərini nümayiş etdirdi.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda qonaqlar çay süfrəsi ətrafında toplaşaraq, maraqlı müzakirələr aparıb, fikirlərini bölüşdülər.