17 İYUN – AZƏRBAYCAN RESPUBLİKASI TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

İyun 17, 2024

Onlar işlərini ürəklə icra edər; bəzən dərdimizə şərik, bəzən isə ikinci nəfəs olarlar. Hər kəs onların gözündə eynidir. Onlar nə gecə, nə də gündüz bilir. Daim bizim keşiyimizdə durar, ən ağır anda ilk onlar çatar yardıma, onlar bizi yaşadar, sağlam ruhumuzu və sağlamlığımızı qoruyarlar. Onlar yorulmazlar və zərgər kimi işləyərlər. Onlar görünməz sirləri açan, əsl möcüzəni bizə göstərənlərdir. Onlar qayğı və nəvaziş göstərər, qəlbimizi duyar və hərarətimizi tutarlar. Bütün çətinliklərə baxmayaraq daim öz peşə borclarını yerinə yetirərək, bizə sevinc və xoşbəxtlik bəxş etməyə çalışarlar. Onlar tibb işçiləri, onlar sağlamlığımızın ən etibarlı sığortaçılarıdır.
Hələ XX əsrdə ölkəmizdə tibb sahəsində inkişaf artıq yüksəlməyə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, bu sahə üzrə beynəlxalq əlaqələr genişləndirildi. Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Bu sadəcə bir peşə deyil. Sərhədləri xəyallara belə sığmayan cəsarət və səbir var sizdə. Həyatlara ümid verən gücünüz var. Xəstəliklər deyil, xəstələrdir sizin üçün önəmli olan. Milyonlarla həyatlara nur olan yüzlərlə ağ geyimli qəhrəmanlar, bu sizlərsiniz, əziz tibb işçiləri. Acıları azaltmağı, insan həyatı üçün tam məsuliyyəti üzərilərinə götürərək, qürurla mübarizəni seçən tibb işçilərimiz, ümidlər sizlərə əmanətdir.
Həyat qurtarmaq üçün həyatlarını fəda edən tibb işçiləri, peşə bayramınız mübarək!

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR21 İYUN – ABBASQULU AĞA BAKIXANOVUN DOĞUM GÜNÜDÜR