Zaman-zaman hər bir xalqın keçmiş tarixində ulu əcdadlarının yaşadığı məskənlər, onların həyat tərzinin bütün incəliklərini təcəssüm etdirən yerlər – mağaralar, alaçıqlar, qalalar, onların dini etiqadlarını icra edə bilməsi üçün xüsusi ehkamlar, məbədlər, məscidlər, həmçinin təhsil almaları üçün yaradılan mədrəsələr, mollaxanalar, xüsusi təlim-tərbiyə ocaqları və s. bu kimi məkanlar onların necə bir yaşam quruluşuna sahib olduqlarının göstəricisi olmuşdur. Bütün bu sadalanan məkanlar tarixin bütün sınaqlarından keçərək bu günümüzə qədər gəlib çatmışdır. Bu binalar keçmişdən bu günümüzə qədər öz mövcudluğunu qoruyub saxlayan tarixə həkk olunan “Tarixi Abidələr” adı ilə məhşurlaşmış və hələ bundan sonra da neçə-neçə gələcək nəsillərə ötürüləcəkdir.
Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə ölkəmizin bəxti gətirmişdir. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə Xatun, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan Sərdar sarayı, Şəki Xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər.
18 Aprel tarixi YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nün təsis olunmasının böyük əhəmiyyəti var. Bu günün əsas məqsədi bəşəriyyətin mədəni irsinin müxtəlifliyini, onların zəif aspektlərini göstərmək və onları qorumaq üçün lazım olan səyləri artırmaqdan ibarətdir.
Dağlıq Qarabağ ərazisində yerləşən dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz – Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi. Bir çox ölkələrdə tarixi abidələrin qorunması işi çox ciddi təşkil olunmuşdur. Məsələn, Fransada hətta arxeoloji qazıntılar aparıldıqdan sonra tarixi yerlərin təbii landşaftı olduğu kimi bərpa olunur.
Tarixi abidələrimizi qorumaq, onların bərpası işində təşəbbüs göstərmək hər bir vətəndaşın borcudur. Çünki, tarixi abidələrimiz bizlərə ulu əcdadlarımızdan yadigar qalan maddi mədəniyyət nümunələridir. Bu abidələr bizim keçmişimizdən, ulu babalarımızın həyat tərzindən, məişət və yaşamından bəhs edən canlı sübutlardır. Bununla bizlər öz obalarımızın ərazisini müəyyənləşdirir və digər xalqlara faktiki olaraq göstəririk. Tarixi abidələrimizi qorumaqla onları gələcək nəsillərə ötürməli, tariximizi unutmamaq şərtilə abidələrimizi qoruyub salxamağı, özlərindən sonrakı nəsillərə ötürməyi tapşırmalıyıq.
Tarixi abidələr bizim mənəvi dünyamızın maddi sərvətidir! Mənəvi xəzinəmizin itməməsi naminə maddi sərvətlərimizi qorumalıyıq!
vv