Kitab öz daxilində sirlərlə dolu, zəngin olan böyük bir aləmdir. Kitablar böyüklərin həyatına müsbət təsir etdiyi dərəcədə, eyni zamanda uşaqların da inkişafına təlim-tərbiyəsinin formalaşmasına, beyin hüceyrələrinin aktiv şəkildə sürətlənməsinə xüsusi təsir edir. Daha çox kitab oxuyan uşaqların beyninin inkşafı digər az kitab oxuyan uşaqlarla müqayisədə daha təsiredici və sürətli inkişafa malik olur. Onların fantaziyası, özlərini rahat şəkildə ifadə etmə bacarığı kitab oxumayanlara nisbətən daha güclü olur. Belə uşaqların elmi uğurları da digərlərindən fərqli olaraq çox olur. Mütaliə ilə məşğul olan hər bir uşaq ətraf aləmi, bir çox elmi bilikləri dərk edir, həm də bu məşğuliyyət onların xarakterinin formalaşmasına da mühüm təsir edir. Uşaqların vücudunu bəsləmək, onların sağlmlığına yaxşı təsir edən, böyüməsinə və inkişafına lazım olan qidalardan hər zaman istifadə edirik. Qidalar uşaqların fiziki inkişafı və sağlamlığı üçün vacibdir. Kitablar da onların ruhunun, mənəviyyatının qidalanması üçün bir o qədər əhəmiyyətlidir. Təcrübələr göstərir ki, ata və ananın uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Hər bir uşaq erkən yaşlarından etibarən kitabla tanış olmalıdır.
2 Aprel “Beynəlxalq Uşaq Kitabı Günü”dür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə danimarkalı yazıçı, uşaqların sevimlisi, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
Uşaqlarımızın daxili dünyasını zənginləşdirmək, mənəviyyatının, elmi-mədəni inkişafının artması, bir sözlə, hərtəfli inkişaf mərhələsinin qaydasında olması üçün onlara kitabları sevdirməli və mütaliyəyə həvəs yaratmalıyıq.