20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜ

Yanvar 20, 2024

Qara yanvar – Qanlı yanvar qan yaddaşımızdır. Unutmayaq!

Qanlı 20 yanvar xalqımızın yaddaşında dərin iz qoymuş faciədir. Neçə əsrlər keçsə belə bu tarix unudulmayacaq. Vətənimizin igid oğul və qızları əbədi tarix yazaraq, daim yaddaşlarda həkk olmuşlar.
20 Yanvar faciəsi xalqımızın 1990-cı ildən bəri yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi olaraq qalır. Xalqın azadlıq uğrundakı mübarizəsini sındırmaq üçün əliyalın, dinc insanlara qarşı edilən bu vəhşilik sözün əsl mənasında, dünya tarixində əbədi yaşayan faciəvi tarixdir. Azərbaycana qarşı törədilən bu faciəni bütün dünya xalqları qınayır. Çünki bunu hər kəs açıq-aydın şəkildə görür ki, 20 yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.
20 Yanvar hadisələrindən öncə insanlar meydanlara çıxır, SSRİ rejimini pisləyir, Qarabağ münaqişəsinin həll olmasını tələb edirdilər. Bütün bu kütləvi nümayişlərin qarşısını almaq üçün SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər. Onlar bunu açıq şəkildə görürdülər ki, Azərbaycan istiqlal hərəkatı Sovet Azərbaycanı hökumətini devirmək istəyir. Məhz bu səbəbdən də Bakıya qoşun yeritmək planlarını düşünürdülər. Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 17:30-da televiziyanın enerji bloku partladılmışdı. Təbii ki, bu təxribatı xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər. Lakin artıq çox gec idi…
Hələ fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Bundan əlavə Sumqayıt, Binə, Biləcəri istiqamətində də hücumlar təşkil etmişdilər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş vermişdir. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən, azadlıq uğurunda mübarizə aparan dinc əhalinin susdurulması məqsədilə xalqımıza qarşı bu vəhşilik törədilmişdir.
O gecə şəhər alqana büründü. Qadınlara, uşaqlara, qocalara tanklardan atəş açılır, insanlar qətlə yetirilirdi. Hətta yaralılara xidmət etməyə gələn təcili yardım maşınlarını da güllələyirdilər. Bu tarixdə ən qəddar və amansız bir vəhşilik idi. Faciə zamanı çoxlu ölən və yaralananlar oldu.
20 Yanvar faciəsi dünya azərbaycanlılarının birlikdə, bir yumruq tək birləşməsinə zəmin yaratmış oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalqın azadlıq mübarizəsini boğmaq istəyən Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyi, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.
Qanlı Yanvar faciəsindən sonra Sovet hakimiyyəti öz mənəvi, siyasi-iqtisadi gücünü artıq itirməyə başladı.
SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonradan guya etiraf etmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Qorbaçov səhv yox, cinayət etmiş, SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.
Qanlı yanvar hadisəsindən sonra azadlıq uğurunda mübarizəyə qalxan qəhrəman xalqımızın bu hadisə nəticəsində şəhid olmuş igid oğul və qızları, 1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda dəfn edildilər. O vaxtdan bu günümüzə qədər həmin yer xalqın qəhrəmanlıq dastanını təcəssüm etdirən, Şəhidlər xiyabanı adı ilə məhşurdur. 20 Yanvar tarixinə qədər gənclərimizin toy-büsatına aparılan qırmızı qərənfillər isə bu faciədən sonra şəhidlərimizin qəbirlərinin üzərini bəzəyən bir rəmzə çevrilmişdir. Pak və müqəddəs ruhların olduğu Şəhidlər xiyabanı bizim and yerimizdir. Şəhidlər xiyabanı əbədiyyətə qədər mövcud olan, nümunəvi və əsl igidlik simvolunu gələcək nəsillərə aşılayan bir tarixi abidədir. Həmçinin 20 yanvar faciəsi xalqımızın istiqlal mübarizəsi yolunda yazılan şanlı bir tarixdir.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Vətənimizin istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Milli iradəmizin zəfər çaldığı 20 yanvar günü xalqımız bir daha öz gücünü sübut etdi. Bu faciənin baş verməsi onu göstərdi ki, Azərbaycan xalqı ərazi bütövlüyünü, demokratik mənafeyini qoruyan, düşmənə əyilməyən mübariz bir xalqdır.
Xalqımız hər zaman torpağını, vətənini son damla qanına qədər qoruyan qəhrəmanlarını sevir, onlara xüsusi rəğbət bəsləyir. Şəhidlərini də unutmur, onların əziz xatirəsini qürur və ehtiramla yad edir. Biz onların sayəsində bu torpaqda nəfəs alırıq. Şəhidlər bizim iftixar mənbəyimizdir.
Vətənin bir zərrə qarış torpağını düşmənə verməyənlər sözün əsl mənasında vahid bir xalqdır.

21 yanvar Beynəlxalq Təhsil Günü münasibəti ilə keçiriləcək Təhsil və mədəniyyət elmi-praktiki konfransında iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz..24 YANVAR – BEYNƏLXALQ TƏHSİL GÜNÜ GREEN START ACADEMY TƏRƏFİNDƏN QEYD OLUNDU