21 FEVRAL – BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Fevral 21, 2025

Hər bir xalqın mədəniyyəti, adət-ənənələri, tarixi və ən əsası öz doğma dili vardır. Bir xalqın ən böyük mənəvi sərvəti onun ana dilidir.
1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili günü elan edilib. Bu əlamətdar gün 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Hər il olduğu kimi ölkəmizdə də bu gün qeyd edilir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi ilə xalqımızın öz dilinin zənginliyinə sahib çıxması uğrunda, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının ana dilimizlə bağlı milli-mədəni, özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur.
Ana dilimiz zənginliyi, ahəngdarlığı, səlisliyi, özünəməxsus şirinliyinə görə xüsusilə seçilir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan, təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan qədim və zəngin bir dildir. Bir xalqın dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğundan, bu məqam xalqın xalq olaraq təsdiqidir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir vətəndaşın müqəddəs borcu öz dilini sevmək, ona dəyər vermək, qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir. Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil sevinc gətirir, zərifdir, incədir, lətafətlidir, ecazkardır, Nəsimi dözümlü, Füzuli hökmlü, Səməd şöhrətli, Bəxtiyar ünvanlı dilim…
Füzuli zirvəli, Vaqif vüqarlı
Mənim Qorqud dilim, Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin xalı
Dadda, şirinlikdə bal, şəkər dilim!

8 FEVRAL – BEYNƏLXALQ NƏNƏLƏR VƏ BABALAR GÜNÜDÜR.