Azərbaycanın görkəmli yazıçılarından, həm də ilk tarixçilərindən biri kimi tanınan Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində anadan olmuşdur. Onun atası Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1802-ci ildə taxt uğrunda baş vermiş münaqişələrdə atası öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. 1819-cu ilədək Amsar kəndində yaşayan Abbasqulu ağa yarımçıq qalan təhslini burada davam etdirmiş, ərəb və fars dillərini mükəmməl şəkildə öyrənərək bu dillərdə xeyli ədəbiyyat oxumuşdur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi kimi tanınan mütəfəkkir, alim Abbasqulu ağa Bakıxanov tərcüməçiliklə də məşğul olmuşdur. O, 1819-cu ildə Qafqazın baş hakimi general Aleksey Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. 1835-ci ildə Qubada elmi-ədəbi fəaliyyətini davam etdirən Abbasqulu ağa burada “Gülüstan” adlı ədəbi məclis yaratmışdır. Çoxcəhətli bədii və elmi yaradıcılığa xas olan A.A.Bakıxanovun “Riyazül-Qüds”, “Mişkatül-ənvar”, “Merace-xəyal” (“Xəyalın uçuşu”), “Məclisi-firəng” (“Firəng məclisi”) kimi bir çox poemaları, “Tülkü və qoyun”, “Qurd və ilbiz”, “Yersiz iftixar” və s. təmsilləri, “Qanuni-Qüdsi”, “Kəşfül-qəraib”, “Ümumi coğrafiya”, “Əsrarül-məlaküt”, “Təhzibül-əxlaq”, “Gülüstani-İrəm” kimi zəngin elmi əsərləri onun yüksək səviyyəli bir alim olmasından xəbər verir.
XIX əsrin 40-cı illərində bir neçə gün A.A.Bakıxanovun qonağı olmuş professor İ.Berezin onun çap kitablarından və əlyazmalarından ibarət kitabxanası ilə tanış olmuş və özünün “Dağıstana və Zaqafqaziyaya səyahət” əsərində həmin kitabların siyahısını vermişdir. 270 nüsxədən ibarət qiymətli əlyazmalarını əhatə edən bu kitabxanada Ənvəri, Cami, Savəci, Dövlətşah Səmərqəndi və başqa Şərq klassikləri ilə birlikdə Nizami, Saib Təbrizi, İsgəndər bəy Münşi kimi azərbaycanlı müəlliflərin də əsərləri olmuşdur. Qeyd edilən bu faktlar görkəmli alimin dövrünün ən yaxşı bibliofillərindən biri olduğunun göstəricisidir.
Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyinə yoluxaraq, 31 may tarixində vəfat etmiş və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunmuşdur.