21 İYUN – BEYNƏLXALQ YOQA GÜNÜDÜR

İyun 21, 2024

Müasir dövrün stressləri insan həyatına ciddi mənfi təsirlər göstərir. Gündəlik həyatımızda sosial problemlər, məişət qayğıları həyatımızın ayrılmaz hissəsi olmaqla yanaşı, ruhumuza da öz mənfi təsirini buraxır. Hər gün ünsiyyətdə olduğumuz insanlar, nəqliyyat, mobil əlaqələr, informasiya, internet, televiziya bunların hamısı insandan böyük diqqət tələb edir və bunlara böyük enerji sərf olunur. Bəs bu enerjini necə qaytarmaq olar? İnsanın psixikasına mənfi təsir edən əsəbləşmə, qəzəblənmə, nifrət və qorxuların qarşısını necə almaq mümkündür? Bəzən həqiqətən də, ruhumuzun mənəvi rahatlığa çox ehtiyacı olur. “Sağlam bədəndə, sağla ruh” şüarını irəli sürərək düzgün şəkildə tətbiq olunan, rahatladıcı yoqa təlimləri bizlər üçün ən vacib vasitələrdən biri kimi əsas götürülür.
Bəşəriyyətin başlanğıcından bəri tətbiq olunan Yoqanın vətəni Hindistan hesab olunsa da, onun yaranması on minilliklərə gedib çıxır. “Yoqa” sözü santriks dilindəki “yuq” sözündən törəyərək, “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edərək, e.ə II əsrdə yaşamış qədim hind müdriki Patacalinin “Yoqa sutra” əsərində sistemli şəkildə təsvir edilmişdir. Yoqa sistemi ümumi olaraq – yin yoqa, hatha yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqilər kimi havada uçmağı, başqalarının fikirlərini oxumağı və s. bacarırlar.
İnsanların ümumi və fiziki sağlamlığının müxtəlif aspektlərini inkişaf etdirmək məqsədilə Hindistan tərəfindən təqdim olunan və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla 21 iyun tarixi Beynəlxalq Yoqa Günü elan edilib. Həmçinin bu günün məqsədi dünya ictimaiyyətini yoqanın üstünlükləri haqqında məlumatlandırılmasının artırılması və bu həyat tərzini qəbul etməsindən ibarətdir.
Zehnimizə və mənəviyyatımıza, eləcə də fiziki sağlamlığımıza mühüm və müsbət təsir edən yoqa ilə mütəmadi məşğul olmağı həyatımıza daxil etməklə, bu faydalı təlim növünü rutin halına gətirməliyik. Çünki ruhi və fiziki sağlamlığımızın qayğısına qalmaq yalnız bizim öz əlimizdədir. Cəmiyyətdə hər cəhətdən sağlam şəxslər olmaqdan ötrü yoqa kimi faydaverici məşğuliyyət növü bizlər üçün çox önəmlidir.

21 İYUN – ABBASQULU AĞA BAKIXANOVUN DOĞUM GÜNÜDÜRSİLAHLI QÜVVƏLƏR GÜNÜNÜN TARİXİ: DÜNƏNDƏN BU GÜNƏ