Uşaq və oyun
Oyun uşağın gördüyü ən ciddi bir işdir. Uşaq böyüdükcə xarakterini oyun vasitəsi ilə qazanır. Bu dövrdə olan uşaqların birlikdə oynaya biləcəkləri bir dosta da ehtiyacları var. Bəzi valideynlər bu məsələdə çox həssas davranırlar – tərbiyəsi pozular, xəstəlik keçər və s. kimi bəhanələrlə uşaqların yoldaşları ilə oynamasına mane olurlar.
Öz uşaqlıq dövrümüzü xatırlayaq. Düzdür, o zaman da bir başqa idi – insanlar daha çox bir-birilərini sevir və inanırdılar. Palçıxa, suya daha çox toxuna bilir, soyuqda üşüyüb, yağışda islanırdıq. Bəs indi, bina evlərində həyətə düşməyən, anasının “min bir əziyyətlə” səliqəyə saldığı qiymətli otaqlara ziyan gəlməsin deyə oyuncaqları ilə oynamağa belə həsrət qalan, yaxud da qarşısındakı oyuncaqlarla bir guşəyə çəkilib saatlarca oynayan uşaqlar necə inkişaf edə bilərlər?!
Əziz ata-analar, gələcəyimiz olan uşaqlarımızın mənəvi inkişafına mane olmaq istəmirsinizsə, dostları ilə oynamalarına şərait yaradın. İmkan verin otağınızın səliqəsi pozulsun, qoy “təmizlik xəstəliyiniz” kəllə-çarxa vursun, ancaq uşaqlarınız rahat nəfəs alsınlar. Axı onlar biz böyüklər kimi əllərini-qollarını bağlayıb sakit otura bilməzlər. Onlar enerji doludurlar və bu enerfisi sərf olunmalıdır. Öz uşaqlığınızı, etdiyiniz dəcəllikləri xatırlayın. Hər dəfə yadımıza salanda təbəssüm qonur dodaqlarımıza. Bəs bizim uşaqlarımız nəyi xatırlayacaqlar: Pəncərədən tamaşa edilən küçələrimi, qutusu açılmamış oyuncaqlarımı, yoxsa ezimizin baş tərəfinə qoyduğumuz televizorlardakı cizgi filmlərinimi?