24 YANVAR - BEYNƏLXALQ TƏHSİL GÜNÜ GREEN START ACADEMY TƏRƏFİNDƏN QEYD OLUNDU

Yanvar 24, 2024

21 yanvar tarixində Green Start Academy Təlim, Sağlamlıq və İnkişaf Mərkəzində 24 yanvar – Beynəlxalq Təhsil Günü münasibətilə “Təhsil və Mədəniyyət” adlı elmi-praktik konfrans keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Green Start Academy-nin direktoru Aysel Rəsulzadə konfrans iştirakçılarını salamlayaraq təhsilimizin inkişafı üçün daha çox addımların atılmasının və bu istiqamətdə Mərkəzimizin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyini bildirdi. Ardından Mərkəzin təşkilatçılığı ilə hazırlanmış Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçilərinin ifasında təhsilin, elmin gözəlliyindən bəhs edən kiçik videoçarx iştirakçılara təqdim edildi.
Konfransda rəsmi qonaqlar, təhsil ekspertləri, müəllimlər və digər mütəxəssislər iştirak edirdilər. Konfrans boyunca spikerlərin maraqlı çıxışları bir-birini əvəz etdi.
İlk olaraq yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, yazıçı Aqşin Yenisey çıxış edərək, “Təhsilin mədəniyyətə, mədəniyyətin təhsilə təsiri”indən bəhs etdi. O, dahi Sokratın təhsillə bağlı, eyni zamanda yapon təhsil sisteminə dair bir neçə nümunələrdən ibarət fikirləri iştirakçılarla bölüşdü, həmçinin təhsilin fundamental və funksional istiqamətlə sıx əlaqəsinin olmasından bəhs etdi.
“Məktəb direktoru və günümüzün lideri” mövzusuna həsr olunmuş konfransın II təlimi Naxçıvan Muxtar Respublikasından təhsil üzrə mütəxəssis, təlimçi Abdulla Əsgərov tərəfindən icra olundu. Abdulla müəllim özünəməxsus çıxışı ilə iştirakçıların diqqətini çəkərək, “Müasir məktəb direktoru necə olmalıdır?” mövzusuna dair fikirlərini qeyd etdi. “İnsan lider doğulmur” ifadəsini Abdulla müəllim belə izah etdi: “Biz necə ki toxumları torpağa eyni anda səpdiyimiz zaman onların birinin digərinə nisbətən daha güclü və gözəl inkişaf etməsini müşahidə etmiş oluruq, bax, insanlar da belədir. Heç kəs lider doğulmur. Liderlik insanın öz əlindədir. Əlimizdəki imkanlardan vaxtında və səmərəli istifadə etmiş olsaq, o zaman liderlik zirvəsi bizim üçün əlçatan olar. İnsan fərd kimi doğulur və şəxsiyyət kimi formalaşır. Bunu unutmayaq”.
Seyid Cəfər Pişəvəri adına gimnaziyanın 7-ci sinif şagirdi Zeynalabdin Novruzov “Mən məktəb rəhbərimi və müəllimimi necə görürəm?” mövzusunda maraqlı bir monoloqla çıxış etdi. İstedadlı şagird təhsil aldığı məktəbdə müəlllimləri və direktorla bağlı öz maraqlı təəssüratlarından söhbət açdı. Bu monoloq bütün şagirdlərin dilindən təhsil ictimaiyyətinə təqdim olundu.
Növbəti çıxış peşə təhsili üzrə mütəxəssis, “İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ndə ixtisas fənn müəllimi, Təlim Mərkəzinin rəhbəri Elxan Cəfərov tərəfindən təqdim olundu. “Gənclərin peşə təhsilində mədəniyyəti” mövzusundan bəhs edən Elxan müəllim təhsil standartlarından, müəllim-şagird münasibətlərindən, dinləmə-anlama bacarıqlarından, peşə təhsili ilə bağlı şagirdlərin yanaşmasından söhbət açdı. O, peşə və kurikulum standartları, kurikulum sistemi mövzusuna da toxundu.
Beynəlxalq Təhsil Günü münasibətilə elan olunmuş “Mənim təhsilim rənglərin dili ilə” rəsm müsabiqəsinin qalibləri açıqlandı. 1- ci yerə Laçın Qəmbərov və Cəvahir Əhmədova, 2-ci yerə Fatimə Quluzadə, 3-cü yerə Mələk Abdullayeva layiq görüldü. Qaliblər Green Start Academy tərəfindən “Diplom” və “Qədim qala” Nəşriyyat Evi tərəfindən kitab hədiyyələri ilə mükafatlandırıldılar.
Çay fasiləsi zamanı qonaqlar süfrə arxasında maraqlı müzakirələr apararaq istirahət etdilər.
Konfransda bir neçə aktiv təhsil platformasının nümayəndələri də iştirak edirdi. Hər zaman bir-birinə informasiya dəstəyi göstərdiyi üçün “Təhsil Forumu”, “Təhsil qanunları”, “Texnologiya qrupu” və “Azərbaycan təhsili” təhsil platformalarına təbrik və təşəkkürünü bildirən Green Start Academy əl-ələ verib işləməyin təhsilin inkişafı üçün daha faydalı olacağını bildirdi. “Azərbaycan təhsili” platformasının rəhbəri, eyni zamanda Suraxanı rayonu 281 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aqşin Kazımov söz alaraq müəllifi olduğu direktor və direktor müavinlərinin işə qəbulu proqramı əsasında hazırlanmış çox önəmli məlumatları özündə cəmləşdirən “Təhsildə müasir idarəedənlərə dəstək” kitabını Aysel Rəsulzadəyə hədiyyə etdi.
Növbəti çıxış Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsi Ümumi kimya və KTT kafedrasının baş müəllimi, dərslik eksperti, təlimçi Rumiyyə Camalova tərəfindən baş tutdu. Rumiyyə xanım “Təhsilin realizə olunması: hüquq, mədəniyyət, iqtisadiyyat” mövzusu üzərindən çox maraqlı məqamlara toxundu. O, çıxışı zamanı düşüncə, davranış, münasibət resurslarnın izahını verdi. Bu mövzuda tarix, ədəbiyyat, coğrafiya, incəsənət fənnlərinin şagirdlərin inkişafına təsirindən söhbət açaraq, çox önəmli məlumatlar üzərindən sitatlar gətirdi.
Green Start Academy-nin bütün konfranslarında olduğu kimi, bu dəfə də “Uğurlu müəllim” layihəsinin qonağı oldu. Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İbrahimova müəllimlik peşəsinə olan sevgisindən, bu sevgi sayəsində çətinliklərə baxmayaraq fəaliyyətinin ilk illərində Ucar rayonunun ucqar kəndində həvəslə çalışmasından bəhs etdi, müvafiq sahədə təcrübələrini iştirakçılarla bölüşdü. Gənc olmasına rəğmən peşəkar müəllim ucqar dağ kəndində uşaqların təhsildən yayınmasının qarşısını almaq, eyni zamanda qruplarla iş metodunu həyata keçirərək valideynləri də öz övladları ilə birlikdə onlara təhsildə dəstək olmaq məqsədilə məktəbə maraq göstərmək cəhdlərindən bəhs etdi. Aynur müəllim pedaqoji fəaliyyəti ilə bağlı təəssüratlarını qonaqlarla bölüşərək uşaqların təhsildən yayınmasının qarşısını alma prosesinin təkcə bir müəllimin deyil, bütün pedaqoqların birlikdə səyi nəticəsində alınacağını xüsusilə vurğuladı.
“Dünyanın təhsil təcrübəsini necə öyrənməli?” mövzusunda təhsil tədqiqatçısı, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı ilə çıxış etdi. Böyükağa müəllim təhsil tədqiqatlarının inkişafı yolunda atılacaq addımlardan danışdı. O, Green Start Academy-nin nəzdində başladılan, rəhbəri olduğu Qlobal Elm və Təhsil Tədqiqatları Forumu layihəsinin də əsas mahiyyətini açıqladı. Böyükağa müəllim Green Start Academy ilə əməkdaşlıq xətti üzərindən təhsil araşdırmaları aparmaqla, Avropa ölkələrindəki təhsil sistemi metodlarının ölkəmizdə də istifadə edilməsinə şəraitin yaradılması ilə bağlı fikirlərini söylədi. O, eyni zamanda təhsildə yeniliklərin inkişaf etdirilməsi uğrunda dinamik bir sistem yaratmaq, orta məktəb müəllimlərinin Avropa təhsilini mənimsəməsi, təcrübə qazanması üçün xarici ölkələrə göndərilməsi şərtlərinin vacibliyini də vurğuladı.
“Uşaq evin güzgüsüdür” mövzusunda uşaq psixo-pedaqoqu, Leyla Psixologiya Mərkəzinin rəhbəri Leyla Cabbarova maraqlı çıxışla yadda qaldı. Sağlamlıq imkanı məhdud olan uşaqlarla çalışan Leyla xanım əsasən bu uşaqların sosiallaşması mövzusuna toxundu. Leyla xanım inkuliziv təhsilin ölkəmizdə inkişafının vacibliyinə də diqqət çəkdi.
Konfransın sonunda təhsil ekspertlərinin rəyləri, kitab təqdimatı, imza mərasimi, sertifikatların, hədiyyələrin təqdim olunması və kollektiv şəkil çəkdirmə prosesləri baş tutdu. Sonda Mərkəzin əməkdaşları və qonaqlarla birlikdə GSA ailəsinin birliyinin rəmzi olan Green Start Academy-nin himni səsləndirildi.
Xoş təəssüratlarla dolu “Beynəlxalq Təhsil Günü”nə həsr edilmiş bu konfrans bütün iştirakçılar tərəfindən maraqla qarşılandı.

Təhsil millətin gələcəyidir! Təhsilimizin inkişafı üçün bütün gücümüzü səfərbər etməliyik…

20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜBeynəlxalq Təhsil Günündə ünvanımıza yazılan təbrik