Məhəmməd Əmin Rəsulzadə ilə “görüş”

Fevral 03, 2021

Green Start Academy-nin təşkil etdiyi vebkonfrans belə adlanırdı. Konfrans Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 137 illiyinə həsr olunurdu. Tədbiri giriş sözü ilə Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə açdı. O əvvəlcə Green Start Academy-nin fəaliyyəti haqqında qısa məlumat verdi. Sonra isə bugünkü tədbirin əhəmiyyətindən danışdı. 1902-ci ildə hələ 17 yaşı olarkən Məhəmməd Əmin Rəsulzadənin Müsəlman Gənclik Təşkilatını yaratdığını vurğulayan Aysel xanım bildirdi ki, bu təşkilat XX əsrdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olmuşdur. M.Ə.Rəsulzadənin sonralar Rusiya parlamentində Azərbaycandan – Türküstandan millət vəkili seçildiyini vurğulayan Aysel Rəsulzadə həmin dövrün tarixi məqamlarından danışdı. Bildirdi ki, 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyasında çəkişmələr nəticəsində ləğv olunandan sonra M.Ə.Rəsulzadə həmin seymdə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də ölkənin bütün radio stansiyaları Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayır. Bu isə o deməkdir ki, Azərbaycan bir xalq kimi öz varlığını, mövcudluğunu bütün bəşəriyyətə çatdırıb, milli dövlət quruculuğunu tam şəkildə bəyan etmişdir. Bakı Dövlət Universitetinin yaranmasının da M.Ə.Rəsulzadənin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Aysel xanım tezliklə bu dahi şəxsiyyətin büstünün BDU-da qoyulacağından əminliyini qeyd etdi.

Sonra söz tədbir iştirakçılarından Respublikanın Əməkdar Rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə verildi. Rais Rəsulzadə qeyd etdi ki, hər ilin bu günündə Rəsulzadənin tədqiqatçılarından olan Nəsiman Yaqublu ilə Novxanıya gedib, onun və qohumlarının məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar. Bu il isə pandemiya səbəbindən Nəsiman müəllimlə bugünkü tədbirdə onlayn görüşürlər.

Rais bəy M.Ə.Rəsulzadə haqqında Nəsiman Yaqublunun yeni nəşrə hazırladığı kitabından söz açaraq bildirdi ki, kitab dahi şəxsiyyətin

Avropada nəşr olunan əsərlərindən ibarətdir. Həmin kitabda çox dəyərli məqalələr öz əksini tapıb. Kitabda əsasən “Yeni Qafqaziya” jurnalında dərc olunan yazılar nəşr olunub. Bu günün əhəmiyyətindən söz açan Rais Rəsulzadə qeyd etdi ki, bu gün Rəsulzadə sevənlərin ad günüdür.

Sonra Rais Rəsulzadə o məşəqqətli günlərdən danışdı. Bildirdi ki, atası Azər Məhəmməd Əmin Rəsulzadəni görməyib. Atası anadan olanda babası onu ziyarət edib, öpüb, ad qoyub, məcburiyyətdən əvvəlcə Moskvaya, oradan isə Avropaya gedib. Nənəsindən eşitdiyi xatirələri dilə gətirən Rais Rəsulzadə 1920-1937-ci illərdən danışır: “Məktəbdə oxuyarkən 1920-1937-ci ilə kimi burada Bakıda olanda onlara müəllimlər xalq düşməninin övladı kimi baxırdılar. Bir dəfə böyük əmim məktəbdən evə hirsli gəlib deyib ki, yenə müəllimlər – «Rəsulzadə belə, Rəsulzadə elə», – danışırlar”.

1937-ci illərin ağır günlərindən söz açan Rais Rəsulzadə Qazaxıstanda çox ağır günlər keçirdiklərini deyir: “Ora çatan kimi Rəsulzadənin analığı rəhmətə getdi. Bir az keçmişdi nənəm, sonra atam rəhmətə getdi. Əmimi güllələdilər. Rəsulzadənin nəslindən 20 nəfərə yaxın zülmlərə, təqiblərə məruz qaldı. Sürgünlərə göndərilən də oldu, acından ölənlər də. Bunlar çox ağır xatırələrdir”.

Konfransdan öncə Novxanı qəsəbəsində yerləşən Rəsulzadənin məzarını ziyarət edən tarix elmləri üzrə fəlsəfə doktoru, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu çıxışında bildirdi ki, onun mühacirət əsərlərindən ibarət 10 cildliyini çapa hazırlamağa çalışır. Bu əsərlərin I cildi 2016-cı ildə çıxıb, II cildi də yaxın günlərdə nəşr olunub. Gələn ildə 3,4,5,6-cı cildlərin nəşr ediləcəyi planlaşdırılıb. M.Ə.Rəsulzadənin əsərlərini nəşr etdirməkdə məqsəd XX əsr Azərbaycan mədəniyyətini və tarixini yazıb öyrənməkdir. Nəsiman bəy qeyd etdi ki, bu əsərlər olmadan Azərbaycanın dünənini öyrənmək mümkün deyildir. M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı onu da qeyd etdi ki, onun yaradıcılığında hər yenilik tarixi dəyişir: “Mən bu günlərdə Rəsulzadənin məqaləsini

oxuyuram. Yazır ki, bir var Rusiya inqilabı, bir də var rus inqilabı. Bizim dərsliklərimizə baxıram, tarixə nəzər salıram görürəm ki, rus inqlabı, Rusiya inqilabı dolaşıq vəziyyətdə verilir. Bunlar başqa-başqa inqilablardır. Məsələn, 1905-1907-ci illərdə baş verən inqilab Rusiya inqilabıdır. Çünki burada Rusiyada yaşayan xalqlara azadlıqlar verilib. Oktyabr manifesti qəbul edilib və s. Amma 1917-ci ilin oktyabr ayında Rusiyada baş verən inqilab – bu rus inqilabıdır. Bolşeviklərin hakimiyyətə gəlməsidir. Bunun Rusiya əyalətində olan xalqlara heç bir aidiyyəti yoxdur… 1917-ci ildə çıxan “Açıq söz” qəzetində «Xan sarayının təslimi» məqaləsini oxudum. Sən demə, 1917-ci ilin dekabr ayına kimi Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra 1805-1806-cı illərdə Şirvanşahlar sarayına girişi qadağan edib. Qapısını bağlayıb, ora həmişə nəzarətçi qoyublar ki, Azərbaycandan heç kim Şirvanşahlar sarayına daxil olmasın. Rəsulzadə yazır ki, 1917-ci ildə çar hökuməti devrildikdən sonra bir qədər azadlıq yaranan kimi biz Şirvanşahlar sarayına getdik, qapısını açdıq. Öyrəndik ki, ona görə icazə vermirlər ki, birdən Azərbaycan xalqının yaddaşında dövlət qurmaq şüuru və fikri formalaşa bilər. Baxan deyər ki, Şirvanşahlar kim olub. Deyərlər ki, Şirvanşahlar sizin dövlətçilik tariximizin böyük bir dövrünü təşkil ediblər. Siz vaxtilə dövlət qurmusunuz. Deyir ki, Şirvanşahlar sarayının açılışı Bakıda böyük bir bayrama çevrildi. Bakıda adamlar nəğmə oxuya-oxuya gedib Şirvanşahların açılışında iştirak etdilər. İndi Rəsulzadə deyir ki, sarayın içinə girəndə gördük ki, hər şey dağılıb. Sonda yazır ki, Rəsulzadə orada çıxış edir. «Təzə pir» məscidinin qarşısına gəlirlər. O deyir ki, gərək vətəni qoruyasan, gərək vətəni sevəsən ki, dağıtmasınlar… 1917-ci ildə artıq çar Rusiyası devrildikdən sonra Azərbaycan tarixi haqqında maraqlı məlumatlar verir”.

M.Ə.Rəsulzadə yaradıcılığında Nizami Gəncəvi poeziyasından söz açan tədqiqatçı Nəsiman Yaqublu bildirdi ki, Nizami Gəncəvinin yaradılığı haqqında 100-dən çox namizədlik, doktorluq işi yazılıb. Amma heç biri 1951-ci ildə M.Ə.Rəsulzadənin yazdığı və Türkiyədə nəşr etdirdiyi «Azərbaycan şairi Nizami» səviyyəsində deyil. Birinci

həcminə görə – 402 səhifəlik əsərdir: “Mən hələ 25-30 il bundan öncə M.Ə.Rəsulzadə ilə bağlı ilk kitabımı yazanda M.Ə.Rəsulzadənin əsərlərində – «Xəmsə»də «Sultan səncər və qarı» hekayəsinə rastladım. Baxdım ki, «Sultan səncər və qarı» hekayəsini Rəsulzadə 1952-1953-cü illərdə Azərbaycan jurnalında dərc etdirib və altında yazılıb: “Fars dilindən tərcümə edəni M.Ə.Rəsulzadə”. Mən onu sovetlər dövründə «Sultan Səncər və qarı» əsəri ilə tutuşdurdum gördüm, o qədər fərq var ki! Çünki M.Ə.Rəsulzadə fars dilini gözəl bilirdi, Nizami Gəncəvini gözəl bilirdi. Mən düşünürəm ki, Nizami Gəncəvi haqqında ən gözəl məqaləni elə M.Ə.Rəsulzadə yazıb… Nizami Gəncəvinin əsərlərində türkçülük məqalələri maraqlıdır. M.Ə.Rəsulzadə bunu gözəl şərh edir. Axtarır tapır. Harada olsa, türkçülük ənənələrini vurğulayır. M.Ə.Rəsulzadə Nizamini Azərbaycan mühitinə çox gözəl təqdim edib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi, Respublikanın Əməkdar Müəllimi Zülfiyyə Vəliyeva çıxış edərək M.Ə.Rəsulzadənin vətəninə olan sevgisini gənc nəslə qoyduğu ən müqəddəs irs adlandırdı: “Vətən və insan sevgisi, hər şeydən öndə vətən və millət təəssübkeşliyi, güclü xarakter, milli idealogiya – bütün bunlar Rəsulzadənin gənc nəslə ən böyük töhfəsi olmuşdur. Dünən bu irsi Şirməmməd Hüseynov, bu gün Nəsiman Yaqublu və digər tədqiqatçılar araşdırır və gələcək nəsillərə ötürürlər. Bütün bunlar zamanla bizim xalq, millət və dövlət olaraq güclü şəkildə formalaşmağımıza təsir göstərəcəkdir”.

Jurnalist, Bakı Dövlət Universitetinin tələbəsi Dilşad Yusifova M.Ə.Rəsulzadənin jurnalistika fəaliyyətindən danışdı: “Belə bir konfransda çıxış etmək mənim üçün qürurlu olduğu qədər də, məsuliyyətli idi. Məhəmməd Əmin Rəsulzadə haqqında danışanda Cumhuriyyət dövrü yada düşür. Cumhuriyyət dövrünün tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qərənfil Dünyaminqızı Məhəmməd Əmin Rəsulzadə haqqında yazır: “Məhəmməd Əmin Rəsulzadə həmin dövrü xarakterizə edən ilk müəlliflərdən biridir”. Qərənfil xanım daha sonra yazır ki, M.Ə.Rəsulzadənin ardıcıl mətbu

çıxışları Azərbaycan xalqının tarixi keçmişi, yaşadığı ərazinin coğrafi hüdudlarını təsvir edir, vətən və millət sevgisi təbliğ edərək, demokratik dəyərlər aşılayırdı. Onun siyasi məqalələri ideya dolğunluğu və məzmun zənginliyi ilə bərabər, ciddi şəkildə ümumiləşdirilmiş həyati faktlara əsaslanırdı. 1918-ci ilin sonunda Azərbaycan Milli Şurasının açılması münasibətilə yazdığı “Hanki ümidlə” başlıqlı məqaləsində milli demokratik dövlətin prespektivinə kütlə içərisində ümid hissləri aşılayırdı… Məhəmməd Əmin Rəsulzadə dövrün siyasi hadisələrinə aktiv şəkildə münasibət bildirmişdir. Onun siyasi çıxışlarının əksəriyyəti “Azərbaycan qəzeti”ndə nəşr edilmişdir… Məhəmməd Əmin Rəsulzadə türkçülük və islamçılıq ideologiyasını tətbiq etmək üçün “Açıq söz” qəzetini yaratdı. Məhz M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan “Açıq söz” qəzeti Azərbaycan tarixində ilk dəfə “müsəlman” və “tatar” sözlərini «türk sözü ilə əvəz edərək, millətə “Sən türksən”, rus hökumətinə isə “Biz türkük!” deyə xitab etdi. “Açıq söz” bu xəbərdarlıq və bu qayə ilə milləti oyatmağa çağırdı”.

Vebkonfransda çıxış edən Türkiyədə M.Ə.Rəsulzadə irsinin araşdırılmasında xüsusi rolu olan, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd redaktoru olduğu dərgidə M.Ə.Rəsulzadənin həyat və yaradıcılığına geniş yer ayırdığını vurğulayaraq bildirdi ki, M.Ə.Rəsulzadə ilə bağlı gələcəkdə bir çox kitab və muzey layihələrini də gerçəkləşdirmək niyyətindədirlər: “M.Ə.Rəsulzadə zəngin irsini bacardığımız qədər tədqiq edir, öyrənir və gələcək nəsillərə ötürməyə çalışırıq. Buna görə də biz hər vasitədən istifadə edərək təbliğatımızı qurmalıyıq. Çünki Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin qurucularından biri, mühacirətdə 35 il ərzində Azərbaycanın bayrağının dalğalanmasının səbəbkarıdır”.

Sonda iştirakçılardan müəllim və məktəblilər Məhəmməd Əmin Rəsulzadə ilə bağlı düşüncələrini, fikirlərini bölüşüb, onun haqqında şeirlər səsləndirdilər. Yüksək səviyyədə təşkil olunan vebkonfrans Məhəmməd Əmin Rəsulzadənin 1918-ci il 7 dekabr tarixindəki Azərbaycan Parlamentindəki çıxışıyla yekunlaşdı.

Dilşad Xaqaniqızı,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

“Mütaliə günü”nün növbəti görüş”