“Bir oğlana təhsil verməklə bir təhsilli insan qazanırsınız, bir qıza təhsil verməklə isə bir təhsilli ailə qazanırsınız”.
Bu gün Azərbaycanın görkəmli ziyalısı, böyük şəxsiyyəti, mesenatı, milyonçusu, xeyriyyəçisi, ilk dəfə olaraq müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
Hacı Zeynalabdin Dostməhəmməd oğlu Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Çətin, ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev hələ 10 yaşı olanda anasını itirir. Atası peşə öyrənmək məqsədi ilə onu bir bənnanın yanına usta köməkçisi olaraq yollayır. Artıq 15 yaşı tamam olanda Zeynalabidin bənnalıq etməyə başlayır.
H.Z.Tağıyev bir müddətdən sonra bənnalıq peşəsinin bütün incəliklərini dərindən mənimsəyərək, bu sənətdə daha da kamilləşir. Hətta sonrakı tikinti işlərinə də şəxsən özü nəzarət edərək, tikdirdiyi binalarda, açdırdığı qızlar gimnaziyasının binasında öz dəsti-xəttini qoyur.
Hacı Zeynalabdin Tağıyev özünü ticarət sahəsində də göstərərək yüksək fərasəti ilə uğurlar qazanır. Bir çox dükanlara sahib olan H.Z.Tağıyev həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən böyük sahibkarlardan idi.
1870-ci ildə Bakıda kerosin zavodlarını, “Hacı Zeynalabdin” şirkətini təsis edən H.Z.Tağıyev bununla yanaşı, xeyriyyəçilik işləri ilə məşğul olmuş, yerli ruhanilərin ona mane olmasına rəğmən 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirmişdir. Onun inşa etdirdiyi bu məktəb bütün Zaqafqaziyada yeganə qızlar məktəbi olub.
H.Z.Tağıyevin xeyriyyəçilik işlərini saymaqla bitməz….
Təhsilin, maarifçiliyin inkişafında müstəsna xidmətləri olan H.Z.Tağıyev, Mərdəkanda bağçılıq məktəbini açmaqla, Naxçıvanda. Gəncədə, Şamaxıda, Tiflisdə onlarla məktəbin xərclərini üzərinə götürərək, o cümlədən Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəyib. O həmçinin xeyli qəzet və jurnalın, “Kaspi” qəzetinin çap olunması üçün maddi dəstəyini əsirgəməyib.
Hər zaman millətinin, xalqının rifahını düşünən hörmətli xeyriyyəçi Bakı-Şollar su kəmərinin çəkilməsinin baş tutmasını öz dəstəyi ilə təmin edib.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət tamamilə dəyişərək, insanların mülkiyyəti əlindən alınır, milli-ictimai xadimlər və ziyalılar təqib edilməyə başlanılırlar. Rusiyanın maraqlarına səbəb olan məqamlara əsaslanaraq, hakimiyyət rəhbərlərinin əmri ilə hökümət liderlərindən olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yalnız bir mülkünü seçmək imkanı verilir. Bütün mülklərinin müsadirə olunması zamanı Tağıyev sadəcə bir mülkünü – Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrdə isə 86 yaşında) vəfat edib və öz vəsiyyətinə uyğun olaraq Mərdəkan qəsəbəsində sentyabrın 4-də dəfn edilib.
Azərbaycanın inkişafı istiqamətində misilsiz xidmətləri olmuş dahi şəxsiyyət Hacı Zeynalabidin Tağıyevi xalqımız heç zaman unutmur və neçə əsrlər keçsə belə unutmayacaqdır. Çünki Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində öz sözünü demiş və tarixin səhifələrinə gördüyü xeyriyyə işləri ilə adını qızıl hərflərlə yazmağı bacaran unudulmaz bir şəxsiyyətdir. Yüzlərlə azərbaycanlı gəncin xaricdə təhsil xərclərini öz üzərinə götürmüş dahi şəxsiyyətin dilindən tarixə düşən aforizmlərdən bir neçəsini təqdim edirik:
Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsl şərt onun tərbiyə və təhsilidir.
Övladlarım! Görürsünüzmü ki, bənim sağ əlim dini-islamın rükni və madəri-iftixarı olan Qurani-əzimin üstündədir və sol əlimdə tutduğum isə qəzetədir. Övladlarım! Mənim sizə axırıncı nəsihətim budur ki, bu Quranı həmişə sağ, qəzetəyi isə sol əlinizdə tutub millətə sidq və sədaqət ilə xidmət edəsiniz.
Adama qalan ad olacaq. Tikdirdiyimiz bu binalar balalarımızındır. Əkiblər yemişik, əkiri ki yesinlər.
Qeyrətsiz adamı sənətə yaxın qoymayın.
Tanrı bu günah dünyasında hamının daşımaq üçün çiyninə bir yük qoyur. Ona “Ömür yükü” deyirlər. Ömür yükümüz nə qədər ağır olsa, izimiz də o qədər dərin qalar. Yoxsa bu fani aləmdə yaşamağa dəyməz.
Övladlarınıza mütləq təhsil verin. Əsas da qızınıza. Çünki oğlan ən çıxılmaz vəziyyətdə belə kərpic atıb çörəyini qazancaq, qız isə bunu edə bilməyəcək.
Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə.
Mən öz vətənimi sevirəm, gələcəkdə keçəcəyim imtahanlar nə qədər ağır olsa da, mən öz vətənimdən əl çəkmirəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır.
Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təchiz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər.
Anası savadsız olan xalq kordur.
Pul qazan, amma şərəfini itirmə.
Pul bir gün gedər, nə vaxtsa geri gələr.
Amma şərəf gedər gəlməz…!
Dahilər heç zaman unudulmur… Azərbaycan xalqı olaraq Hacı Zeynalabidin Tağıyevin əziz xatirəsini böyük ehtiramla yad edirik.
“Xalqa qul kimi, kölə kimi baxmaq günahdır! Əgər ölkə neftin hesabına zəngin olarsa bunda kasıbın, fəhlənin əməyi hədsizdir.” (H.Z.Tağıyev)