28 iyun – Müşfiq Ötgünlə görüş

İyul 05, 2025

GREEN START ACADEMY PSİXOLOGİYA TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ VƏ GƏNCLƏRİN SƏSİ KÖNÜLLÜ PLATFORMASININ BİRLİKDƏ TƏŞKİLATÇILIĞI İLƏ….

“İnsan olmaq” – dürüstlük və həqiqətdən doğan nur 

Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzində dərin düşüncə sahibi, filosof Müşfiq Ötgünlə təşkil edilən bu görüş çox maraqlı və unudulmaz anlarla yaddaşlara həkk olundu. Müşfiq müəllimin görüşünə gələn hər kəsin simalarında təbəssüm və sevinc hiss olunurdu. Çünki insanlar bu müdrik filosofun heyrətamiz nitqini hər görüş günündə olduğu kimi səbirsizliklə gözləyirdilər. Onun hikmətli sözləri həqiqətən də ruhumuzu müalicə edir və sağlam şəkildə həyatımızı yaşamağımıza yardımçı olur.

Müşfiq müəllim hər zaman olduğu kimi öz orijinal çıxışı ilə bu görüşdə də çox incə məqamlara toxundu. O, ən vacib amil – “İnsan olmaq” mövzusu üzərindən çıxış edirdi.

Müşfiq müəllimin təsəvvüründə insan olmaq üçün nələrə diqqət edilməlidir? Bu sizlərə də çox maraqlıdır. Elə deyilmi?.. Onun çıxışından ən vacib məqamları sizlərə çatdırırıq. Dəyərli filosof insan olmağın şərhini belə izah etdi:

  • İnsan bir ömür boyu oxumaqla, əzbərləməklə, hansısa bir diplom, sənəd, sertifikat almaq uğrunda çapalamaqla, hər önünə çıxan kitabı oxumaqla, müxtəlif təsiredici mətnlər əzbərləməklə və s. bu kimi vasitələri mənimsəyib insan olmaz. Bizə tutuquşuluq etmək yox, əsl mənəvi zənginliyə malik kamil insan lazımdır. Elə bu xüsusda da çalışmalı öz üzərimizdə zəhmət çəkib işləməliyik. Hər kitabı oxumaq üçün mənən güclü immunitetə sahib olmalıyıq ki, mənəviyyatımız zədələnməsin. Kitablar mənəvi güc mənbəyidir. Lakin bu hamısına aid deyildir. Tarixi bilmək, illəri əzbərləmək deyildir. Əsas olan hadisələrin məğzini anlamaqdır. Vacib olan mahiyyətdir. Həqiqəti tapmaqdır. İnsan paxıl, xəsis, kinli və qəlbi qaradırsa, həqiqətə heç vaxt çatmayacaqdır. Həqiqətin ən ali zirvəsinə çatmış Məhəmməd peyğəmbərin təcrübəsi onun Hira dağında haqqla görüşməsi, hadisələrin transformasiyası və sonda onun əbədiyyətə qədər bu bəşəriyyətin müqəddəs kitabı olan Qurani-Kərimlə müjdələnməsinə gətirib çıxardı. Quran möcüzələri doğrudan da nar kimidir. Onu qabığından dadmağa başladıqda acı dadacaqdır. Mənəvi tərbiyə… İnsan olmağın əsas tərəflərindən biri də budur. Dərinliyi və hansısa biliyə nail olmağımızı bizə elm verir. Məsələn: Bilirik ki, Nizami Gəncəvi filan ildə doğulub. Ancaq Nizaminin əsərlərindəki mənəvi gücü özümüz dərk etməli və onun aşıladığı nəsihətamiz fikirlərdən pay götürməyi bacarmalıyıq.
  • Müdrik qəlb insanı əks etdirən güzgüdür. İbadət, dua, müqqəddəslik, paklıq, qəlbin pasdan arınması, dürüstlük insanlıq potensialına çatmaq – bunlar hamısı insan olmağın keyfiyyətləridir. Doğrunu danışan insan mənəvi zənginliklə qalar. Sünilik – ifrata varanların işidir. Söz verib əməl etməmək… Rəbbinə qarşı verdiyin sözlər… İnsan öz qəlbini Rəbbinə bağışlamalıdır. Bu ikinci doğuluşdur. Tamamən zənginlik, özünü dərketmədir. İnsanın mənəvi şəfalanma vasitələrindən biri də Oruc tutmaqdır. Bu ən önəmli kimyəvi və fizeoloji təmizlənmə metodudur. Xeyir əməllər etmək, insanlara və özünə qarşı yaxşı işlər görmək, hər şeyi maddiyyatla deyil mənəviyyatla ölçmək, dualar etmək, şükür etmək,  bunların hamısı insanı nura aparan yoldur. Övladlarınıza təhsil, savad verməklə onları tam xoşbəxt edə bilməzsiniz. Onlara öncə tərbiyə, əxlaq verməli, onların mənəviyyatını zənginləşdirməlisiniz. Bundan vacib də olan odur ki, ilk olaraq biz valideynlər öz ruhumuzu şəfalandırmağı bacarmalı, düzgün istiqamət almalıyıq.
  • İdrakın pak və saf olması onun üfüqlərini tapmaqdan başlayır. Pis əməllər bizləri uçuruma aparar… Mənəviyyatımızı məhf edər. Mənəviyyatı pozulmuş insan həyatda ən bədbəxt insandır. Bu çox təhlükəlidir. Uşaqlarda tərbiyənin pozulması cəmiyyətin xəstələnməsinə gətirib çıxara bilər. Buna diqqət etmək lazımdır!.. Həsəd aparmaq, özünü kiminləsə müqayisə etmək – bunlar insan ruhunu zədələyən amillərdir. Öz taleyinizi özünüz yaradın!..Yalan danışmayın, yalan danışmağın zərərləri saysız-hesabsızdır. Ola bilər ki, siz özünüzü o an xoşbəxt hiss edərsiniz. Amma bu mütləq ki, müvəqqəti olacaq.
  • İnsan həqiqətə çatanda yalnız səbirli, təmkinli, xoşbəxt olur.

Beləcə, Müşfiq Ötgünlə Mərkəzimizdə baş tutan bu görüş bizləri öz dərin dəryasına qərq edərək, ayrı bir aləmə – həqiqət aləminə, nur aləminə alıb apardı. Bu aynada hər kəs əsl mənliyi ilə üzləşdi. İnsan olmağın və kamilliyə çatmağın bütün incəliklərindən bəhs etdi müdrik filosof.

Ümid edirik ki, hər kəs bu görüşdən özü üçün nəticə çıxarıb, ətrafına da bu işığı yayacaqdır. İlk öncə həyata baxış bucağımızı dəyişməli olduğumuzun fərqinə varmalıyıq ki, əsl insan olmağın yollarını tapa bilək. Və ən əsası da düşüncələrimizə diqqət etməliyik. Çünki yaxşı-pis necə düşünürüksə, onu da həyatımızda tətbiq edirik. Ağzımızdan çıxan hər kəlmə bizi idarə edən sükandır. Bunun üçün də gözəl sözlər söyləməli, haqqı-nahaqdan ayırmağı bacarmalı, ətrafımızdakılara müsbət aura ötürərək, özümüzü xoşbəxt edə bilərik. Yeni günə başlayarkən təbəssüm, yaxşı əməllər etmək: Vacib deyil ki, bunu maddiyyatla edək, yolda hansısa bir ac heyvanı doydurmaq, yaşlı insana kömək etmək, ictimai nəqliyyatda gedərkən özümüzdən böyük yaşlı insana, körpəli qadına yer vermək, eləcə də küçələri zibilləməmək, ağac əkmək, çiçəkləri sulamaq və s. bunlar da yaxşı əməllərdir.

Hər tədbirin sonunda olduğu kimi, Müşfiq müəllim gələn iştirakçıları dinlədi, onların suallarını cavablandırdı. Bu istiqamətdə maraqlı müzakirələr edildi. Müşfiq müəllim iştirakçılarla xatirə fotoşəkilləri də çəkdirdi.

Növbəti dəfə görüşmək diləyi ilə hörmətli filosofumuz Müşfiq Ötgün iştirakçılarla və bizlərlə xoş təəssüratlarla ayrıldı.

Akademik gəzinti layihəsi çərçivəsində Xaçmaz rayonu – Nabrana gəzinti təəssüratlarımızTOVUZ DÖYÜŞLƏRİ – Zəfərə aparan yol