1918-ci il 28 may tarixi Azərbaycanın dövlətçilik tarixində mühüm tarixlərdən biri kimi yaddaşlarda əbədi olaraq qalacaqdır. Bu tarix xalqın istiqlal uğrunda addımladığı və bu yolda yürüyərək azad xalq, demokratik dövlət quruculuğunun ilk qığılcımlarının parlamasından bəhs edir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı.
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə əsasən Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyəti idi. “İstiqlaliyyət Bəyannaməsi”nin əsas mahiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin, millət, məzhəb, sinif və cins fərqi görməməsindən və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməkdən ibarət idi.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq qısa zaman ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatı və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etdi.
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub. “Müstəqillik Günü”nün köhnə adı “Respublika Günü” olduğundan, 1990-cı il bu bayram dövlət müstəqilliyinin bərpa olunması münasibətilə qeyd edilirdi. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi sarsılmaz, dönməz və əbədidir!