Beynəlxalq Rəqs Günü Beynəlxalq Teatr İnstitutu və YUNESCO ortağı Beynəlxalq Rəqs Komitəsi (International Dance Council, CID) tərəfindən 1982-ci ildə tanıdılmışdır və hər il 29 apreldə qeyd edilir. Bu tarix, müasir baletin yaradıcısı, onun atası sayılan, farnsız baletmeysteri, xoreoqrafiya sənətinin islahatçısı və nəzəriyyəçisi Jan-Jorj Noverrin (Jean-Georges Noverre 1727-1810) doğum günü xatirəsinə Beynəlxalq Rəqs Komitəsi tərəfindən təyin olunmuşdur. Hər il bu əlamətdar günlə bağlı təntənəli tədbirlər, konsertlər keçirilir.
Rəqsin insan sağlamlığına faydalarını sadalamaqla bitməz. Fiziki və mənəvi sağlamlığa güclü – müsbət təsir edən rəqs yetkinlərlə yanaşı, uşaqlar üçün də çox vacib məşğuliyyət növüdür. Musiqi sədaları altında rəqs edən uşaqlar nəinki əylənirlər, həm də, ahəngdar və hərtərəfli inkişaf edirlər. Məktəb yaşlı uşaqlar üçün də rəqs etmək və rəqs dərnəklərinə yazılmaq faydalıdır. Məktəbdə dərslər, ev tapşırıqları, kompüter arxasında oturmaq; həyatın bu cür ləng ritmində uşağın mütəmadi fiziki fəaliyyətə ehtiyacı var. Rəqs hərəkətlərinin düzgün yerinə yetirilməsi fiziki səy tələb edir, lakin idmandan fərqli olaraq, rəqs praktik olaraq travmatik deyil və heç bir əks göstərişi yoxdur.
Bu tarix ölkəmizdə də əlamətdar gün kimi qeyd olunur. Azərbaycan rəqsləri qədim və zəngin tarixə malikdir. Belə ki, hələ eramızdan 2-3 min il əvvəl, Tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Azərbaycanın rəqs tarixi çox geniş bir mövzunu əhatə edir. Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən əvvəl rəqs tamaşaçıların alqışlamaları nəticəsində əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər.
Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini folklorumuzun bir qolu olan xalq rəqslərindən götürüb. Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar. Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir. Görkəmli rəqs ustalarımız Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Rəqs insan ruhunu sakitləşdirən və həyatımıza rəngarənglik bəxş edən fəaliyyət növüdür. Hər zaman ruhumuza rahatlıq bəxş edən bu faydalı məşğuliyyətdən istifadə etmək diləyi ilə bütün rəqs ustalarını, həmçinin də, bütün rəqssevərləri bu əlamətdar gün münasibətilə təbrik edirik.