30 MAY – MİRZƏ ƏLƏKBƏR SABİRİN DOĞUM GÜNÜDÜR

May 30, 2024

Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Kiçik sahibkar olan atası Zeynalabidin kişi 8 yaşında ikən Sabiri çobanlıq etməsin deyə təhsil almaq üçün mollaxanaya qoyur. M.Ə.Sabir 12 yaşınadək mədrəsədə təhsil alır, sonra isə, 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində təhsilini davam etdirir. Bu məktəb onun üçün faydalı olaraq, biliyinin və şairlik istedadının inkişafına kömək edir. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Lakin, atası onu dükanında köməkçi işlətmək məqsədilə bir müddət təhsilindən ayırır. Buna baxmayaraq Ələkbər oxuyub-yazmağa yenə də davam edir.
Sabir 23 yaşında ikən, 1884-cü ildə ziyarət adı ilə səyahətə çıxır, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzir, bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olub.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənib. 15 il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlib. Amma ailəsi zəlzələ nəticəsində vəfat edib. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olub.
Müəllimlik fəaliyyətinə başlamaq məqsədilə Mirzə Ələkbər Sabir 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verərək, mayın 7-də Tiflisə gedir, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir. Həmin ilin sentyabr ayında Sabir “Ümid” məktəbini açmağa müvəffəq olur. 1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir, əvvəlcə
“Zənbur” jurnalının redaksiyasında, “Günəş” və “Həqiqət” qəzetlərində çalışır. Az sonra Balaxanıdakı “Nicat” məktəbində dərs deməyə başlayır.
XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünərək, 1903-cü ildə “Şərqi-rus”, daha sonra isə “Həyat” qəzetində çap olunub. Sabir 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının ən fəal üzvülərindən olur və həmin vaxtdan da Cəlil Məmmədquluzadə ilə onun arasında qırılmaz dostluq əlaqələri yaranır. Hər iki sənətkar zalım bəyləri, məmurları, yaltaq ruhaniləri, satqın ziyalıları kəskin tənqid atəşinə tutur, elə bu səbəbdən də həmin şəxslər tərəfindən dostlara hədə-qorxu edilir. Buna görə də satirik şair imzasını tez-tez dəyişərək, 36 il gizli imza ilə jurnalda fəaliyyət göstərir.
Yeni dövr dünya ədəbiyyatının şöhrətli simalarından olan Sabir Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vidadi, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatıb. Sabirin «Hophopnamə» adı ilə tanınan şeir kitabı realist ədəbiyyatımızın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsidir. “Hophop” imzası ilə gözəl sənət əsərləri yaradan şair ədəbiyyatımıza rəngarənlik bəxş edib. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri nəinki öz dövrünün, həmçinin müasir dövrümüzdə də çox məşhur əsərlərdəndir. Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmayıb, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazıb.
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulan şair yenidən Şamaxıya qayıdıb. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatıb. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair öncədən imtina etdiyi cərrahiyyə əməliyyatına razı olub, iyulun 8-də Bakıya gəlib. Lakin artıq həkimlər əməliyyatın da heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görüblər.
M.Ə.Sabir 1911-ci il 12 iyul tarixində Şamaxıda vəfat edib. Şairin məzarı Şamaxıda “Yeddi Guşə”dədir.

28 MAY – MÜSTƏQİLLİK GÜNÜDÜRUŞAQLAR ÜÇÜN FƏLSƏFƏ