“Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”
XX əsr hər bir millətin tarixində müstəsna izlər qoymuşdur. Dəfələrlə sərhəd dəyişikliklərinə, yeni ölkələrin yaranıb, yıxılmasına şahidlik edən bu əsrdə Azərbaycan üçün ən möhtəşəm hadisə Azərbaycanın ilk milli dövlətinin (1918-1920) qurulmasıdır.
Bu dövrdə M.Ə.Rəsulzadə, H.Zərdabi, M.F.Axundovun başladığı maarifçilik ənənəsinə necə sahib çıxıb onu daha da inkişaf etdirərək yoldaşları ilə birlikdə, tarixin çox mürəkkəb dövründə Azərbaycanın müstəqilliyini bərpa etməsi Çar Rusiyası İmperiyasından azad olunmasından bəhs edilir. Hansı ki, bu müstəqilliyin sayəsində yaranan və özündə milli idealogiyanı cəmləyən üçrəngli müqəddəs bayrağın altında bu gün də milyonlarla azərbaycanlı yaşayır.
Olduqca çətin, məşəqqətli yol keçən Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları demokratik dövlət yaratmaq uğrunda bütün çətinliklərə baxmayaraq başlatdıqları istiqlal hərəkatını sonuna qədər davam etdirməyi bacardılar. Bu məsuliyyətli və çətin yolda yürüyən, yoluna tikanlar düzənlərə baxmayaraq, onlara qarşı məğrurcasına dayanan, istiqlal uğrunda əzmlə, şücaətlə mübarizə aparan, müstəqil Azərbaycanın qurucusu, lideri Məhəmməd Əmin Rəsulzadə idi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda demokratik bir dövlətin qurulmasına bütün həyatını sərf edən liderlərdən biri olub.
Azərbaycanda istiqlal hərəkatının rəhbəri və təkcə türk xalqlarında deyil, eləcə də bütün islam aləmində ilk respublika olan Azərbaycan Demokratik Respublikasının banisi, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Novxanı kəndinin çox tanınmış axundu olan atası Axund Hacı Molla Əliəkbər Məhəmməd Əmini məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyur. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı
M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığının ən mükəmməl illəri sayılan bu dövrdə ilk qələmə aldığı “Müxəmməs” adlı şeiri 1903-cü ildə Tiflisdə “Şərqi Rus” qəzetində çap edilir. Rəsulzadənin həmin dövrdə “Füyuzat” jurnalında, həmçinin “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap edilir.
“Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Belələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz…”
Seyid Həsən Tağızadə,
İranın Böyük Britaniya Böyükelçisi
Rəsulzadə ictimai yaradıcılığında tərcüməçiliyə də yer vermişdir. Ü.Hacıbəyovun 1907-ci ildə çapdan çıxmış “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri də Rəsulzadə olub.
“Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal”.
1918-ci il noyabrın 16-da Azərbaycan Parlamentinin açılışında Onun “…müstəqil Azarbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhrarnəsini təmsil edən bu iiç boyalı bayraq daima başlarımızın üstündə ehtiraz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı.
Bütün aparılan fədakar mübarizələrdən sonra Azərbaycan tarixində parlayan istiqlal günəşi Məhəmməd Əmin Rəsulzadə nəhayət 100 il çar əsarətindən xalqımızı xilas edərək, tarixin səhifələrinə adını qızıl hərflərlə yazdı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Məhəmməd Əmin Rəsulzadə ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il mart ayının 6-da Ankarada üç dəfə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” deyərək, əbədiyyətə qovuşmuş və orada Əsri qəbristanında dəfn olunmuşdur.