4 FEVRAL - DÜNYAŞÖHRƏTLİ ALİM LÜTFİ ZADƏNİN ANIM GÜNÜ

Fevral 04, 2024

Bu gün dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olduğu gündür. Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin “atası” kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini məhv etmişdi. Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi. Bu günə olan məlumata görə, “Google Scholar”da Lütfi Zadənin elmi əsərlərinə 268190 istinad olunmuş, bunlardan 14 061-i 2021-ci ilə, 1 311-i 2022-ci ilə aiddir. Alimin Hirş indeksi 115-ə bərabərdir.

Yalnız davamlı çalışan və müvəffəq olmaq üçün israr edən insanlar uğur qazanırlar…
Fikrimcə, Bakı elmin əsas mərkəzinə çevrilməli və xüsusilə gənclərin elmə marağını gücləndirmək üçün şərait yaradılmalıdır. Nümunə üçün bu gün elm sahəsində dünya üzrə müvəffəqiyyət qazanmış Cənubi Koreyanı götürək. Mərkəzlər yaratmaq, gəncləri cəlb etmək lazımdır, zənnimcə, enerji texnologiyası sahəsində Azərbaycanın yaxşı imkanları olmalıdır, çox iş görmək olar.
LÜTFİ ZADƏ

… alimin kitabı, kəşfi, elmi nəzəriyyəsi olar, pulu olmaz, nə qədər alim tanıyıram hamısı elədir. Mən Zadənin evində tez-tez oluram. Biz Zadə ilə ailəvi dost da yox, bir ailə kimiyik. Həmişə onunla çörəyi mətbəxdə yeyərik. Mətbəxdə də iki stul var, biri özünün, biri də həyat yoldaşının. Mən gələndə isə Zadə gedib hardansa bir oturacaq tapıb gətirirdi, nə qədər çalışırdım ki, həmin oturacaqda mən oturum izn vermirdi, elə özü otururdu. Yəni onun evi bu vəziyyətdədir. Zadənin evi orta statistik azərbaycanlının evindən də aşağı səviyyədədir. Bu o demək deyil ki, Zadənin pulu yoxdur. Sadəcə o pulunu daha səmərəli şeylərə xərcləyir.
İstəyir Amerika, istəyir Almaniya olsun. Həmişə biri var olub, biri də yox. Zadəyə Allah o boyda ağıl verib, təzədən pul da versin?
Rafiq Əliyev

Lütfi Zadə – sadəcə elmi-nəzəri yox, həm də praktik-həyati təfəkkür sahibi olub…
Ziyalılara harda diri ikən, harda öldükdən sonra dəyər verildiyini də yaxşı bilirmiş.
Salahaddin Halil

Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq! Ruhu şad olsun!

Hazırladı:
Tusi Tərtibat Mərkəzi

4 FEVRAL – ÜMUMDÜNYA XƏRÇƏNGLƏ MÜBARİZƏ GÜNÜ7 FEVRAL – AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜ