4 FEVRAL - ÜMUMDÜNYA XƏRÇƏNGLƏ MÜBARİZƏ GÜNÜ

Fevral 04, 2024

Cəmiyyətimizin ən ağır bəlasına qarşı birlikdə mübarizə apararaq gələcək nəsilləri xərçəngə yoluxmaqdan xilas edək!
Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il 4 fevral tarixində “Ümumdünya Xərçənglə Mübarizə Günü”nü qeyd edir.
Beynəlxalq Xərçəng Nəzarəti Təşkilatı (UICC) dünyanın 160 ölkəsində əhəmiyyətli xərçəng təşkilatları, sağlamlıq araşdırma institutları, müalicə mərkəzləri və xəstə qrupları təmsil edən 1000-dən artıq üzvü olan ən böyük xərçənglə mübarizə təşkilatıdır. Qurum xərçəng təşkilatlarını qlobal xərçəng yükünü azaltmaq, daha çox bərabərlik yaratmaq, xərçəngə nəzarəti gücləndirmək, üzvlərini birləşdirmək və qoruma təşəbbüslərinə rəhbərlik etməyə həsr olunub.
Bu tarixin təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə bildirməkdir.
Bu istiqamətdə bir çox mühüm layihələr həyata keçirilməkdə davam edir. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xərçəngi Araşdırma üzrə Beynəlxalq Agentliyi bu xəstəliyin qismən qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsində Xərçəngə Qarşı Beynəlxalq İttifaqa yaxından dəstək göstərir. 2016-2018-ci illərdə Ümumdünya Xərçənglə Mübarizə günü “Biz bacarırıq, Mən Bacarıram.” devizi altında insanları fərdi və ya kollektiv şəkildə 20 ildən qısa müddətdə hər il 24 milyon insanın ölümünə səbəb olacaq bir xəstəliyə qarşı mübarizədə aktiv olmağa təşviq etmişdir. Bu mesajı insanlara çatdırmaq üçün fərdlərin, təşkilatların, idman azarkeşlərinin “İdman yolu ilə dəstək” təşəbbüslərindən geniş istifadə olunmuşdur.
Həqiqətən də orqanizmimizin sağlam olması, bədənimizin xərçəngə qarşı bütünlüklə mübarizə apara bilməsi üçün idman çox vacibdir. Çünki insan idmanla məşğul olduğu zaman fiziki aktivliyi artır, bədəndə qan dövranının sürətlənmə prosesi yüksəlir. Hər gün nizamlı şəkildə idmanla məşğul olmaq insanların xərçəngə yoluxma riskini azaldır. Xərçənglə mübarizədə idmanla məşğul olmaq metodu insanlar üçün sağlamlıqla yanaşı, həm də əyləncəlidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il dünyada 14 milyona yaxın xərçəng xəstəliyi diaqnozu aşkar edilir. 2030-cu il üçün bu göstərici 21 milyona qədər yüksələ bilər. Dünyada baş verən ölüm halları arasında hər 6-cı ölüm faktının səbəbi xərçəngdir.
Xərçəng xəstəliyi nədir? və bu xəstəlik necə yaranır?
Xərçəng bədənimizin normal iş mexanizmindəki qüsurlar səbəbiylə hüceyrələrdə nəzarətsiz böyümə halında meydana gələn yüzdən çox fərqli xəstəliyə verilmiş bir addır.
Hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qaraciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) pozğunluq baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Beləliklə, xərçəng şişi formalaşır. Xərçəng xəstəliyinin əsas yaranma səbəblərindən biri tütün tüstüsüdür. Tütün məmulatlarının tərkibində xərçəngin yaranmasına səbəb olan kanserogen maddəsi var. Zəhərli maddə sayılan kanserogen ağciyərlərdə xərçəng şişinin yaranmasına səbəb olur. Bundan əlavə spirtli içkilər, zərərli qidalar, oturaq həyat tərzi və s. xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
Xərçəng xəstəliyi cəmiyyətimizi saran bir bəladır. Bu xəstəliklə birlikdə əl-ələ verərək mübarizə aparmalıyıq. İlk öncə biz sağlamlığımıza, düzgün qidalanmamıza fikir verməliyik. Gündəlik qidalanmamızda təbii, sağlam qidalardan istifadə etməliyik. Bolluca vitaminli qidalar – meyvə və tərəvəzlər qəbul etməli, su içməliyik və daima fiziki cəhətdən hərəkətdə olmalıyıq.
Xərçəngə meyilli xəstəliklərin və ya xərçəngin erkən mərhələlərdə aşkar edilməsi, xəstəliyin tam müalicə şansını artırır. Buna görə də risk qrupunda olan insanlara müntəzəm olaraq profilaktiki müayinələrdən keçmək vacibdir.
4 Fevral “Ümumdünya Xərçənglə Mübarizə Günü”nündən əlavə olaraq gələcəyimizin nuru olan uşaqlarımızın sağlamlığının qorunması naminə “Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” də təsis edilib. İlk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə bu tarix 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra bu tarixi bir ay irəli çəkmək qərarını alaraq 15 fevral tarixində qeyd edilib.
2009-cu ildə Milli Onkoloji Mərkəzinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb.
2019-2021-ci illərdə Ümumdünya Xərçəngə Qarşı Mübarizə Günü “Mən varam və olacağam” şüarı altında keçirilir.
İradəmizi möhkəmləndirərək bu bəlaya qalib gəlməliyik! Bunu unutmayaq ki, biz güclüyük! Xərçəng bəlası bizi heç vaxt yenə bilməz!

“HÜQUQLARIMIZLA BÖYÜYƏK!” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 2 FEVRAL – GƏNCLƏR GÜNÜ4 FEVRAL – DÜNYAŞÖHRƏTLİ ALİM LÜTFİ ZADƏNİN ANIM GÜNÜ