5 FEVRAL - BƏSTƏKAR VƏ PEDAQOQ QARA QARAYEVİN DOĞUM GÜNÜDÜR.

Fevral 05, 2025

Dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən olan Azərbaycanın görkəmli bəstəkar və pedaqoqu Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində həkim-pediatr ailəsində doğulmuşdur. Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnən Q. Qarayev Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi. Bundan əlavə o, Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olmuş, 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirmişdir. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırmışdır. Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunmuş, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuş, 1959–cu ildə SSRİ xalq artisti adını aldıqdan sonra Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan “müzikl” janrına da müraciət etmişdir. Onun əsərlərindən “Vətən”, “Zəriflik”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Könül nəğməsi”, “Səadət nəğməsi”, “Leyli və Məcnun” – simfonik poeması, “Don Kixot” – simfonik qravürləri və s. Dinləyicilər tərəfindən nəinki öz dövründə, həmçinin indiki müasir dövrümüzdə də xüsusi rəğbətlə qarşılanır.
Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

4 FEVRAL – PROFESSOR, QEYRİ-SƏLİS MƏNTİQ NƏZƏRİYYƏSİNİN BANİSİ LÜTFİ ZADƏNİN DOĞUM GÜNÜDÜR.8 FEVRAL – BEYNƏLXALQ NƏNƏLƏR VƏ BABALAR GÜNÜDÜR.