5 İYUN – MİKAYIL MÜŞFİQİN DOĞUM GÜNÜDÜR

İyun 05, 2024

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda anadan olmuşdur. Xalq arasında Mikayıl Müşfiq kimi tanınan Azərbaycan şairi, tərcüməçisi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Azərnəşr”in keçmiş direktoru olan xalqın sevimli şairinə həyat öz qəddar üzünü uşaqlıqdan göstərərək əvvəlcə onun ata-anasını itirməsinə – yetim qalaraq çox ağrılı-acılı illər yaşamasına gətirib çıxarır. Daha sonra isə onu gözü götürməyənlərin, aralıqda gəzərək şairə böhtan atanların fitnəsi ilə 1937-ci il repressiyası Müşfiqdən də yan keçmir. Ziyalı ailəsində doğulub böyüyən Müşfiq uşaq ikən valideynlərini itirdiyi üçün qohumlarının – nənəsi və dayısının- himayəsində böyüyür. Mikayıl Müşfiqin şair kimi böyüməsində nənəsi Qızqayıt xanımın böyük rolu olmuşdur.
1920-1927-ci illərdə əvvəlcə Bakı darülmüəllimində rus-tatar məktəbində ibtidai təhsilini alan Müşfiq 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik etmişdir.
Müşfiq yaradıcılıq fəaliyyətinə çox erkən yaşlarında başlamışdır. Poetik yaradıcılığına 1926-cı ildə “Gənc İşçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə başlamışdır. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc İşçi” qəzetində şeirlərini yayımlayır. 1932-ci il şairin həyatındakı ən məhsuldar illərdən biri olmuşdur. Bu dövrdə “Günün səsləri” “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. Uşaq ədəbiyyatına da xüsusi önəm verən Mikayıl Müşfiqin yaradıcılığında “Şəngül. Şüngül, Məngül”,, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi” “Zəhra üçün” və digər şeirlərə rast gəlmək mümkündür. 1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirlərini daxil etmiş, lakin kitabı çap etdirmək şairə qismət olmamışdır.
1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. 37-ci il repressiyası Mikayıl Müşfiqdən yan keçmir. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaəqlər saxlaması və hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilmişdir. Şairin həbsindən sonra Türkiyədə nəşr olunmuş 14 kitab, 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet və əşyaları müsadirə edilib və oktyabr ayında bütün əşyalar yandırılıb.
1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verildikdən sonra çox təəssüflər olsun ki, 6 yanvar tarixində görkəmli şair Nargin adasında güllələnmişdir.
Mikayıl Müşfiq daim xalqımızın yaddaşında öz möhtəşəm əsərləri ilə ədəbiyyatımıza böyük töhfələr verən xalq şairi kimi əbədi yaşayacaqdır.

1 İYUN – UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜ GREEN START ACADEMY-DƏ2 İYUN – QƏBƏLƏYƏ AKADEMİK GƏZİNTİ