Görkəmli ictimai-siyasi xadim, publisist, Azərbaycan Milli İstiqlal Hərəkatının rəhbəri və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın ictimai-siyasi tarixindəki rolu çox böyükdür. XX əsr tarixində müstəsna izlər qoymuş bu dahi şəxsiyyət uzun və məşəqqətli yol keçərək milli istiqlal uğrunda şücaətlə mübarizə apararaq demokratik və müstəqil Azərbaycan Cümhuriyyəti qurmaq ideologiyasını irəli sürmüş və bu yolda bütün həyatını sərf etmişdir. Azərbaycanda istiqlal hərəkatının rəhbəri, təkcə türk xalqlarında deyil, eləcə də bütün islam aləmində ilk respublika olan Azərbaycan Demokratik Respublikasının banisi, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadə tarixin bu günü mart ayının 6-da 1955-ci ildə Ankara Universitetinin tibb fakültəsinin klinikasında əbədiyyətə qovuşmuşdur. Son nəfəsinədək ürəyi Azərbaycan eşqi ilə döyünən İstiqlal Günəşi son nəfəsində də 3 dəfə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” söyləmişdir. Məhəmməd Əmin Rəsulzadə Ankara şəhərinin Əsri qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan tarixində sonsuzadək parlayan istiqlal günəşi Məhəmməd Əmin Rəsulzadə uzun və ağır mübarizələrdən sonra, nəhayət 100 il çar əsarəti altında qalmış xalqımızı xilas etmiş və adını tarixin səhifələrinə qızıl hərflərlə yazmağı bacarmışdır. 1918-ci il 28 may tarixi heç zaman unudulmayacaq, dahi lider Məhəmməd Əmin Rəsulzadənin vətən tarixinə yazdığı istiqlal tariximizdir. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Bu bəyannamənin imzalanması ilə qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla, bundan sonra da daha neçə illər davam edəcək xalqın istiqlal uğrundakı mübarizəsinin ilk qığılcımlarının yaranmasına və azadlıq atəşinin alovlanmasına müvəffəq olmuşdur. 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın istiqlal yolunda addımladığı ilk cığırıdır. Bu yolun qurucusu, memarı Məhəmməd Əmin Rəsulzadəni xalqımız heç zaman unutmur və millətimiz var olduqca onun adı da daim əbədiyyətə qədər yaşayacaqdır. Çünki xalq öz dahi şəxsiyyətlərini heç zaman unutmur və onların əziz xatirəsini uca tutur. Məhəmməd Əmin Rəsulzadə də belə şəxsiyyətlərdəndir.
“Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!”