7 FEVRAL - AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜ

Fevral 07, 2024

Vətənimizin keşiyində duran, onu göz bəbəyi kimi qoruyan igidlərimizin yolu Mübariz yoludur….

Şeirlərə, dastanlara sığmayan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında nə qədər danışsaq onun göstərdiyi şücaətdən bəhs edən fikirlər bitib-tükənməz… Əsl qəhrəmanlıq məktəbi yaradan, özündən sonrakı gənc nəsillərə nümunə olan Mübariz İbrahimovun həyat yolu vətən eşqilə vəhdət təşkil edir. Bu mübariz yolda qəhrəmanın nümayiş etdirdiyi hünər, cəsarət onun necə bir vətənpərvər olmasının göstəricisidir ki, Azərbaycan əsgəri onun iziylə gedərək 44 günlük vətən müharibəsində şanlı zəfər tarixini yazdı.
1988-ci il fevralın 7-si Azərbaycanın hərb tarixində daim parlayacaq və heç zaman sönməyəcək günəşi Mübariz İbrahimovun doğulduğu gündür. Mübariz Ağakərim oğlu İbrahimov Biləsuvar rayonun Əliabad kəndində anadan olmuşdur.
1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almış, 2005-ci ildə həmin məktəbi bitirmişdi. Elə həmin il Biləsuvar rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağırılmışdı.
M.İbrahimov Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır. 2007-ci ildə ordudan təxris olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin Vətən sevgisi hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. M.İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir. Mübariz burada xidmət etmək istəmirdi. O, ön cəbhədə olmağa can atırdı. M.İbrahimov dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onun yerini ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur.
M.İbrahimovun bir amalı var idi. Vətən! Millət! Torpaq!… Onun qəlbində bir müqəddəs fikir kök salmışdı: “Məzlumun dostu, zalımın düşməniyəm!” Elə bu fikirlə də Mübariz qəlblərdə yaşayaraq, bu gün də hamının sevgisini qazanıb.
Vətən eşqi onu Tərtər rayonunda yerləşən hərbi hissələrdən birində gizir rütbəsində çalışmağa müvəffəq edir. O, könüllü olaraq Tərtərin Çaylı kəndindəki düşmənlə təmas xəttində yerləşən hərbi hissədə xidmətə başlayır.
18 iyun 2010-cu il tarixində Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazidə bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir. Həmişə səngərdə ayıq-sayıq dayanan Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verir. Həmin tarixdə – 18 iyun 2010-cu il saat 23:30 radələrində vətən sevgisi məğrur döyüş pəhləvanı Mübarizin qəlbində bir daha alovlanaraq, onu qəti bir addım atmağa sövq edir. Mübariz ata-anasına belə bir məktub yazır:
“Atama və anama məktub”
Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana qədər şərəfsizlərin üstünə gedəcəyəm. Əgər şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Mən bir seyid nəvəsi olaraq bunu etməliyəm.
Allah böyükdür! Vətən sağ olsun!
Oğlunuz Mübariz. Haqqınızı halal edin!
İbrahimov Mübariz
Mübariz İbrahimov təkbaşına 1 kilometrlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edir. O, burada 5 saat təkbətək döyüşərək düşməni ağır itkilərə məruz qoyur. İyunun 19-u səhər saatlarında Mübariz İbrahimov qəhrəmancasına şəhid olur.
Bu döyüşdən sonra erməni tərəfi onun nəşini girov saxlayaraq Azərbaycana təhvil vermək istəməmiş, M.İbrahimovun nəşinin neytral zonada qaldığını bəyan etmişdir. Aylarla davam edən danışıqlardan sonra 27 oktyabr 2010-cu ildə Rusiyanın vasitəçiliyi ilə Həştərxanda imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun və 4 sentyabrda Tərtər rayonu istiqamətində erməni hərbiçiləri ilə döyüşdə şəhid olan baş leytenant Fərid Əhmədovun cənazələri Azərbaycana təhvil verilmişdir. Həmçinin bu bəyannaməyə əsasən hərbi əsirlər də dəyişdirilməli idi. Bəyannamənin icrasına isə 4 noyabr tarixində başlanılmışdır.
Nəhayət 7 noyabr 2010-cu il tarixində Mübariz İbrahimov və Fərid Əhmədovun cənazələri təntənəli surətdə Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda dəfn edilmişdirlər.
22 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Mübariz İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Mübariz İbrahimov sözün əsl mənasında Azərbaycan xalqının bütün oğul və qızlarına daim nümunə olacaq bir qəhrəman olaraq hər kəsin qəlbində yaşayır və yaşayacaqdır…

4 FEVRAL – DÜNYAŞÖHRƏTLİ ALİM LÜTFİ ZADƏNİN ANIM GÜNÜGREEN START ACADEMY “YANVAR – MƏSULİYYƏT AYI”