Rəssamlıq sənəti incəsənətin güzgüsüdür. Onun yaratdığı möhtəşəmlik və ahəngdarlıq içində insan xüsusi bir aləmə qərq olur. İncəsənətin bir çox sahələrindən fərqlənən Rəssamlıq sənəti insanın daxili dünyasını açıq şəkildə üzə çıxarır. Yaradılan əsərlər incəsənətdə sanki bir güzgü rolunu oynayaraq, daxili gözəllikləri görməyə imkan yaradır. Bu güzgüləri isə incəsənətə onun yaradıcıları olan rəssamlar bəxş edirlər. Onlar xarici aləmin gözəlliklərini yaradaraq, zahiri və batini aləmlə bir vəhdət təşkil etmiş olurlar.
Hər bir rəssamın özünəməxsus bir dünyası vardır. Bu dünyanın günəşi də elə rəssamın özüdür. Dünyanın ulduzları isə onun əsərlərindəki rənglərdir. Bu ulduzlar hər bir əsərdə parlayır və xarici aləmi nurlandırır. Bu günəşi, bu güzgülərə baxıb batini aləmdəki ulduzlardan zövq alan, bu gözəlliklərə dəyər verən könüllər – yəni insanlar isə xüsusi zahiri aləmin sakinləridirlər. Sənətə dəyər verən, onu qiymətləndirən belə insanlar adi insanlar deyildir. Onlar öz daxili dünyasının zənginliyi ilə seçilmişlərdəndir.
İncəsənətin güzgüsü rəssamlıq sənətinə hələ qədim dövrlərdən xüsusi önəm verilmişdir.
Rəssamlıq sənəti minilliklər bundan öncə mövcud olmuşdur. İbtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başlamışdılar. Qədim Misirdə də rəssamlara çox böyük hörmət olunur və xüsusi rəğbət bəslənilirdi. Yaradılan bütün əsərlərin sehirli bir təsvir olduğuna inanırdılar. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.
8 dekabr Beynəlxalq Rəssamlar Günüdür.
2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr – Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu anlayırıq.
Beynəlxalq Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Həmçinin yaradıcılıq, insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Buna görə də bugünkü tarix həmçinin bütün gözəllik, rəngarənglik, təbiətsevənlər üçün xüsusidir.
Təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəlliklərindən vəcdə gəlmiş insanın iradəsi ilə yaradır. (Emerson)
Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. (Əbu Turxan)
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu gün qeyd edilir. Əsrlər boyu gözəl vətənimiz istedadlı, zəngin daxili dünyaya sahib olan incəsənət xadimləri, əsl sənətkarlar yetişdirmişdir. Bu sənətkarlar içərsində İncəsənətin günəşi – rəssamlar da xüsusi seçilirlər.
Azərbaycanın görkəmli rəssamlarından Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mehdi Hüseynzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Mikayıl Ağayev, Tahir Salahov, Çingiz Fərzəliyev kimi bir çox sənətkarların adlarını qeyd edərək bu siyahını daha da genişləndirmək olar. Onlar sözün əsl mənasında Azərbaycan incəsənətində öz dəsti xətti ilə seçilmiş sənətkarlardır.
Əsl sənətkarlıq əbədi sönməyən günəşdir... Bu günəşin əbədiyyətə qədər nur saçması diləyi ilə bütün sənəkarlarımızı və sənətə dəyər verən hər bir kəsi bu gözəl gün münasibətilə təbrik edirik!