8 MART- BEYNƏLXALQ QADINLAR GÜNÜ QADIN DÜNYASINA SƏYAHƏT

Mart 13, 2024

7 mart tarixində Mərkəzimizdə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qadınlar aləminə səyahət” adlı bayram tədbiri keçirildi. Bu gözəl bayramın iştirakçıları dünyanın bir günü – məhz bu gün, yalnız həyatımızı bəzəyən gözəl xanımlardan ibarət idi. Mərkəzimizə təşrif buyuran dəyərli qonaqlarımız bu dəfə yalnız xanımlardan ibarət oldu. Bütün xanımlar bu gözəl bayram günündə masa ətrafına toplaşdıq, isti çayımız kimi söhbətlərimizi də isti etdik. Səmimi və ürəkaçan söhbətlər, maraqlı müzakirələr görüşümüzə xüsusi rəngarənglik qatdı.
Öz səmimi və mehriban münasibətilə hər kəsə xüsusi yanaşan Green Start Academy-nin direktoru filoloq Aysel Rəsulzadə ev yiyəsi olaraq əvvəlcə qonaqları qarşıladı. Aysel xanım qonaqları salamladı və bayram münasibətilə bütün xanımları təbrik etdi. Həmçinin Aysel xanım bu günün tarixinə də nəzər yetirdi. Bu xoş bayram günü pedaqoq-təlimçi Lalə Məhərrəmli, enerji-terapevt, Access bars üzrə rəsmi nümayəndə Günay Pirməmmədova, vizajist, İN Studio-nun rəhbəri Nigar İbrahimova evimizin qonaqları oldular. Hamımız masa ətrafında əyləşərək, səmimi və isti söhbətlərə başladıq. 8 Mart bayramı, qadınların hüquq və azadlıqları, cəmiyyətdəki rolu və s. qadınlara məxsus mövzular haqqında müzakirələr və söhbətlər aparıldı. İştirakçı xanımlar onları maraqlandıran mövzular haqqında qonaqlarımıza müxtəlif suallar ünvanlayaraq, bir çox mövzulara aydınlıq gətirdilər.

Cəmiyyətdə qadının rolu çox böyük və xüsusidir. Biz qadınlar istəsək polis, mühəndis, hüquqşünas, müəllim, həkim, rəssam, musiqiçi, model, dərzi, modelyer, vəkil, hətta pilot da olmağımızla bərabər, ən əsası da ana olmağı da bacarırıq. Həqiqətən də qadın həm güclü, həm də zərif bir varlıqdır. Yalnız qadın xoşbəxt olarsa, bütün cahan gülər və xoşbət olar. Qadının cəmiyyətdə rolunun böyük olması ilə yanaşı, onun ailədə – məişətdə də üzərinə böyük, məsuliyyətli öhdəlik düşür. Övladlarının tərbiyəsində, ailə-məişət qayğılarının nizamlı şəkildə həllində qadının əməyi əvəzsizdir. Qadınlar ailədə əmək sərf etməklə yanaşı, iş həyatında da öz güclərini nümayiş etdirərək, üzərlərinə düşən məsuliyyəti dərk edir, işlərinin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Məhz bu səbəbdən də qadınlar cəmiyyətdə xüsusi gücə və zərif düşüncəyə malik olan varlıqlardır. Var olduqları bütün məkanlara gözəllik saçan qadınlar həyatın bütün sferalarında uğur qazanırlar. 8 Mart gününün tarixi də qadınların hər bir sahədə öz sözünü deməsindən, öz hüquq və azadlıqlarını tələb etməsindən bəhs edir. Bu gününün tarixi qadın azadlıqları, hüquq və bərabərliyi ilə bağlıdır. 8 Mart qadınlara sevgi və hörmət bayramıdır. Ölkəmizdə də bu gün maraqla qarşılanır. Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan bu günün tarixçəsinə gəlin birlikdə nəzər salaq. 8 Mart Qadınlar gününün tarixi 1857-ci ilə söykənir. Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində, geyim və ayaqqabı sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. O zamanlar qadınlar sutkada 16 saat işləyir, nəticədə qəpik-quruş alırdılar. Nəticədə buna etiraz olaraq qadın işçilərinin nümayişi keçirilir. Lakin polislər nümayişi dağıtmaq üçün işçilərə hücum edirlər və fabrikin qapılarını bağlayır. Bu zaman fabrikdə yanğın başlayır. İşçilər fabrikin qarşısında qurulan barikadalardan keçərək, qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə qadınların haqqları uğrunda apardığı mübarizə qanla yekunlaşır. Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən II Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın “Dünya Qadınlar Günü” olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir. 8 Mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. Birləşmiş Millətlər Təşkilatı da 8-martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart – Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir. 8 mart- Beynəlxalq Qadınlar Günü bir çox müsəlman ölkələrində qadağan olunub. Bunu isə onunla əsaslandırırlar ki, əslində bu bayram yəhudilər tərəfindən ortalığa atılan bir yəhudi bayramıdır. Eyni zamanda yəhudilərin PURİM adlanan bayram günü ilə üst-üstə düşdüyü iddia olunur. Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Qadınlarımıza dəyər verilərək hər il ölkəmizdə 8 Mart bayramı təntənəli şəkildə qeyd edilir.

Green Start Academy-nin təşkil etdiyi qadınlara aid bayram tədbirimizin sonunda şən musiqilər, gözoxşayan rəqslər, fotossesiya da baş tutdu. Ardından isə xanım əməkdaşlarımız qadın zərifliyini və gücünü əks etirən şüarlar səsləndirdilər. GSA-nın xanımlara hədiyyələri və Təbriknamələri xanımlar tərəfindən rəğbətlə qarşılanaraq hamıya gözəl təsir bağışladı. Xanımlarla qeyd edilən bu gözəl tədbirimiz hər kəsdə xoş təəssüratlar yaratdı.
Sonda isə Green Start Academy-nin həmtəsisçisi və İdarə heyətinin sədri Seymur Ağayevin Aysel xanıma və GSA-nın digər xanımlarına ünvanladığı təbriki sizlərlə bölüşürük. Ürəyi və beyni hər zaman Green Start Academy ilə döyünən Seymur bəy bu gün uzaqda olmasına və səhhətiylə bağlı narahatlıq yaşamasına rəğmən, bu gözəl gündə xanımları təbrik etməyi unutmayıb.


Hörmətli Aysel xanım! Sizi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm. Bir rəhbər kimi, bir pedaqoq kimi, bir ana kimi həyatınızın hər keçən anını xoşbəxt, gözəl və mənalı keçirməyinizi arzulayıram. Siz bir xanım olaraq Azərbaycanda böyük bir təşkilatın rəhbərisiniz. Onun ayaqda durması üçün nə qədər fədakarlıq etdiyinizin şahidiyəm. O səbəbdən də sizə hər zamanki kimi mərdcəsinə ayaqda duraraq bu çətin missiyanı davam etdirmək üçün dözüm, iradə və həmişəki cəsarətliliyi arzulayıram.
Həmçinin sizin timsalınızda ətrafınızda olan dəyərli xanımları, anaları, qız balalarımızı və GSA-nın xanım əməkdaşlarını başda Günel xanım və Naibə xanım olmaqla bu gözəl gün münasibətilə təbrik edirəm. GSA-nın xanım əməkdaşlarının onun həyatında rolu əvəzsizdir. Bunu heç zaman danmaq olmaz. Buna görə də onlara öz adımdan təşəkkürümü bildirirəm.
Birlikdə olmaq yumruq olmaqdır. Yumruq isə birlik, möhkəmlik və hədəfə zərbədir. GSA-nın zərbəsi qədər sizlərə möhkəmlik və ömür boyu cəsarət və xoşbəxtlik arzulayıram. Hər biriniz var olun, Green-nin arzuları qədər böyük olun.

11 MART- NAİBƏ XANKİŞİYEVANIN AD GÜNÜDÜR.“ƏZMİN MÖCÜZƏSİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “STRESSİN İDARƏ OLUNMASI” MÖVZUSUNDA TƏLİM TƏŞKİL OLUNDU