Nəzarət hər zaman mütləqdir
Uşaqlarda asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkil olunmasına ciddi nəzarət etmək lazımdır. Çünki uşaqlar ən çox sərbəst olduqları, məktəbdən və ailədən kənarda gəzib-dolandıqları vaxt mənfi təsirlərə məruz qalırlar. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin, dostluq və yoldaşlıq etdikləri uşaqların əxlaqı onlara təsir edir. Məhəllə uşaqları arasında elə nüfuzluları olur ki, digər uşaqlar da onların ətrafında cəmlənir, onun məsləhəti ilə oturub-dururlar. Bu zaman valideyn unutmamalıdır ki, bəzi tufeyli adamlar yeniyetmələrin təcrübəsizliyindən istifadə edərək onları öz təsir dairəsinə sala bilər, cinayət etməyə şirnikləndirər, öz çirkin əməllərini həyata keçirməkdən ötrü təzyiq göstərməkdən belə çəkinməzlər. Buna görə də övladlarımız üstündə nəzarəti hər zaman ciddi saxlamalıyıq.