Fevral 07, 2020

İnadkar uşaqlar

Görəsən uşaqlar niyə inadkarlıq edirlər? Yoxsa onlar doğulanda belə inadkar doğulurlar? Əlbəttə ki, yox. Yeni doğulmuş uşaq inadkar ola bilməz. Ayaqları yer tutub yeriyəndə isə onların etdiyi kiçik yaramazlıqlara qarşı ətrafın göstərdiyi reaksiya artıq onları inadkar uşağa çevirə bilər. Məsələn, övladınız sizə çox dəyərli olan bir əşyanı götürüb və geri vermək istəmir. Onu uşağın əlindən dartıb alsanız, şübhəsiz ki, özünü yerə çırpıb var gücü ilə ağlayacaq. Və siz çarəsiz qalıb onu uşağa qaytarsanız, tərbiyədə ən böyük yanlışlığa yol vermiş olacaqsınız. Bundan sonra istədiyi əşyanı əldə etmək onun üçün artıq çətin olmayacaq.Amma siz o əşyanı uşağınızın əlindən almaq əvəzinə onun maraqlarını nəzərə alaraq o əşyaya onunla birlikdə baxsanız, hətta əşyanın bütün incəliklərinə qədər onun baxması üçün şərait yaratsanız və sonda “indi ver, bunu yerinə qoyaq” desəniz, o heç bir inadkarlıq etmədən böyük zövqlə o əşyanı sizə qaytaracaq. Bununla da siz nə əsəbləşməli olacaq, üstəlik birlikdə əyləncəli zaman keçirmiş olacaqsınız.