Artıq 1 aya yaxındır ki şəhərdəyəm. Şəhər dedikdə mənim ilk öncə təsəvvür etdiyim izdihamlı küçələr, insanların harasa tələsdiyi, maşınların siqnal səsi verərək şütüdüyü yollar canlanır. İndi isə mən bağlı eyvandan şəhərə baxıram, baxıram və düşünürəm. Hərdən bir yuxunu xatırladır mənə bugünkü abı-hava və mənə elə gəlir ki kabus görürəm. Əslində bu bir siqnaldır bəşər övladı üçün. Düşüncələr məni hey irəli-geri aparır. Soruşa bilərsiz axı nə düşünürəm?! Düşünürəm ki, hər birimiz yaşadıqlarmızdan narazı idik. Dincəlməkdən, evdə vaxt darlığından, işin çoxluğundan narazı idik. Lakin heç birimiz əlimizdə olan xoşbəxtliyi görmürdük.
Bəli, hər birimizin normal həyatı – normal işi və normal ünsiyyəti vardı. İndi isə düşüncələr bir qurd kimi daxildən yeyir bizi: Görəsən, necə olacaq – deyə düşünürük. “Kaş kilər” bizi rahat buraxmır… Dörd divar arxasında kaş ki işimiz olaydı, kaş ki bayramı doğmalarımız, əzizlərimizlə birlikdə keçirərdik – deyə düşünə-düşənə qalmışıq. Hətta çoxlarımız sosial şəbəkədə bu hadisələrdən əvvəlki həyat tərzimizin şəkillərini paylaşaraq təsəlli tapırıq.
Əzizlərim, olacaqlardan qorxmaqdansa, əlimizdə olanların qədrini bilək. Şükür edək əlimizdə olanlara, əldə etdiklərimizə… Şükür edək yaşadıqlarımıza.
Tezliklə bu bəlanı da adlayacağıq. Normal həyatımıza dönəcəyik. Amma bir şeyi unutmayaq! Əlimizdəki xoşbəxtliyin qədrini bilək. Bir-birimizin qədrini bilək! Təkcə özümüzü deyil, cəmiyyətimizi, gələcəyimizi, övladlarmızı, təhsilimizi qorumaq üçün reallıqdan yapışıb sağlam düşünək və bu bəladan qutarmaq üçün qanunlara riayət edək birliyimizi qoruyaq! Şayiələrə deyil, dövlətin verdiyi düzgün məlumatlara inanaq və əlimizdən nə gəlirsə, nəyi bacarırıqsa, öhdəmizə nə düşürsə, onu edək! Unutmayaq ki, biz işləyəndə, gəzəndə, cəmiyyətdə hərəkət edəndə xoşbəxtlik bağlı qapı arxasında deyildi.
Hər birinizə bu çətinlikdən tezliklə xilas olmağı – sağlam düşüncəyə sahib olaraq, sağlam həyatınıza dönməyinizi arzu edirəm.
Raifə Hidayətova,
Qobustan rayon Ayaz Quliyev adına
Cəyirli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi