Fikrimcə, iş həyatı ilə ailə arasında balansın qorunduğu halda qadın üçün uğurlu olmaq qorxulu deyil. Əksinə, övladı üçün yaxşı nümunədir. Uğur sevginin, zəhmətin və məsuliyyətin nəticəsidir. Övlad əyani olaraq, bu keyfiyyətləri görür və öyrənir. Təbii ki, illərlə formalaşmış stereotiplər də var. Amma onlara ilişib qalmaq, fikir vermək insanı həvəsdən sala bilər. Ona görə də inandığın yolda əmin addımlarla irəliləmək lazımdır.
Sevdiyiniz işlə məşğul olun. Çətinliklərdən qorxmayın, hər şeyin öhdəsindən gəlmək mümkündür. İnadkar olun, uzunmüddətli düşünün, davamlı işlər görün, pozitivə yüklənin. Yalnız tapşırılan işi görməyin, öz əlavələriniz, təklifləriniz olsun.
İşinizlə parallel ailənizə, sevdiklərinizə də zaman ayırın. Unutmayın, daha öncə də dediyim kimi uğurun təməli sevgi, zəhmət və məsuliyyətdir. Qadının təbiətində olan emosionallıq və yaratmaq özəlliklərinin biznesə çevrilməsində vacib element cəsarətdir. Ona görə də cəsarətli olun, səbirlə fürsətləri dəyərləndirin. Peşəkarı olduğunuz işi görün və ya quracağınız işi çox yaxşı öyrənin. Qıraqdan baxan nə deyər? – deyə düşünməyin, onların fikrini manipulyasiya edin. Xəyallar qurun, qoy xəyallarınız o qədər böyük olsun ki, ürəyinizi yerindən çıxarsın və edin! Tək olmayın. Heç kim tək bacarmaz. Komandanız olsun, onları dəstəkləyin, müsbət enerjiylə köklənin. Sevincinizi, uğurunuzu paylaşın. Sevin! Sizdə hər şey alınacaq! Unutmayın ki, qadının əli dəyən hər iş gözəl alınır. Yalnız irəli!