10 DEKABR – BEYNƏLXALQ İNSAN HÜQUQLARININ MÜDAFƏSİ GÜNÜ

Dekabr 10, 2023

Hüquq nədir?

Hüquq-davranışı tənzimləmək üçün dövlət orqanları tərəfindən qəbul edilmiş və tətbiq edilən qaydalar toplusudur. Azadlıq isə öz üzərimizdə olan gücümüzdür.

Hər bir şəxs öz hüququnu tələb etmək iqtidarına malikdir.

Bugün cəmiyyətimizdə qarşılaşdığımız bir çox hadisələrə, problemlərə, bizə qarşı yönəlmiş yalnış və ya doğru məsələlərə göstərdiyimiz münasibətlər həmişə bizim bir şəxsiyyət olaraq özümüzü müdafiə etməyimizə, nəyin yalnış, nəyin doğru olmasını dərk etməyimizə imkan yaradır. Daha çox cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmağımız yaşadığımız mənfi və ya müsbət hadisələrin baş verməsi nəticəsində reallaşır. Cəmiyyətdə əsl, güclü şəxsiyyət kimi yetişməyimizin nəticəsində biz öz haqlarımızı müdafiə etməyi bacarırıq. Və haqlarımızın müdafiəsi naminə qəbul edilmiş qanunlar bizim hüquqlarımızı qorumağımıza və müdafiə olunmağımıza istiqamətlənmiş olur. Sağlam cəmiyyətdə hüquq da mövcuddur…

 

Əgər hüquq bir elm deyilsə, universitet öz ləyaqətinə arxalanaraq onu öyrətməkdən imtina etməlidir. Bu bir elm deyilsə, bir sənət növüdür və ən yaxşı şəkildə təcrübəli bir kəsə şagirdlik etməklə öyrənilə bilər. – Kristofer Lanqdell

 

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu Konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu sənədə əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir. İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə edilir: “Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətdən və digər hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir”.

Biz də Green Start Academy olaraq insan hüquq və azadlıqlarına həsr olunmuş “Hüquqlarımızla böyüyək” adlı yeni bir layihə başlatdıq. Layihə əhalini hüquqi cəhətdən maarifləndirmə xarakteri daşıyır. Proqramda layihə rəhbəri Güləsər Səfərova ilə hüquqşünas, Mediasiya Şurasının üzvü-Mediator Aqşin Məmmədli insan hüquq və azadlıqları, hüquqların pozulması hallarının qarşısının alınması və bu kimi bir çox məsələlər müzakirə etdilər. Proqram Green Start Academy-nin Yutub kanalı üzərindən canlı yayımlandı. Qeyd edək ki, “Hüquqlarımızla böyüyək” layihəsi hər ay Yutub kanalımız üzərindən izləyicilərin görüşünə gələcək.

 

Ağrı sizin üçün acı olduğu kimi başqaları üçün də xoşagəlməz haldır. Hüququn bərabərlik prinsipinə əsaslanaraq başqalarına hörmət və şəfqətlə yanaşmağı unutmayaq!

GREEN START ACADEMY-NİN ƏMƏKDAŞLARI ÜÇÜN MARKETİNQ TƏLİMİ TƏŞKİL OLUNDU11 DEKABR – UNİCEF – UŞAQ FONDUNUN TƏSİS OLUNMASI GÜNÜ