4 yanvar – Azərbaycanın böyük yazıçı dramaturqu, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin xatirə günüdür.
Ədib realist hekayələri, povestləri, dram əsərləri ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
Cəlil Məşədi Məmmədqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib.
Əsərlərində cahilliyi, avamlığı, rüşvətxor çar məmurlarını, kəndlilərə qarşı edilən zülmləri tənqid edən yazıçı Azərbaycan ədəbiyyatına verdiyi töhfələrlə yanaşı, yazdığı əsərlərlə sosial həyatda insanların həyatına mühüm təsir etmişdir.
Ədibin ilk bədii əsərlərindən sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də o, yaradıcılığının çiçəklənən çağında yazmışdır.
XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy”, “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918), “Pirverdinin xoruzu” (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır. Bundan əlavə görkəmli yazıçının “Poçt qutusu”, “Kişmiş oyunu”, “Ölülər”, “Dəli yığıncağı” kimi bir çox əsərləri oxucular tərəfindən müasir dövrümüzdə hələ də sevilməkdədir.
Həm pedaqoji, həm də bədii fəaliyyəti ilə daima ictimaiyyətə faydalı insan olan Cəlil Məmmədquluzadənin keçdiyi bu yol bu sahədə çalışan gələcək nəsillərə hər zaman bir örnəkdir.
Azərbaycan ədəbiyyatında özünəməxsus tərzi lirik, satirik, dramatik, publisistik janrı ilə seçilən Cəlil Məmmədquluzadə bədii ədəbiyyatımızı bu əsərləri ilə zənginləşdirmişdir. Onun əsərləri teatrlarda tamaşalara da qoyulmuş və bu tamaşalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Görkəmli şəxsiyyət, böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib.
İnsan ruhunu oxşayan, realist, idealist əsərlər yaradan dahilər heç zaman ölmürlər. Onlar hər zaman xalqın qəlbində yaşayır. Və onların əsərləri əsrlər keçsə də danışır, insanlara həqiqətlər aşılayır. Cəlil Məmmədquluzadə də belə şəxsiyyətlərdəndir. Əsrlər keçsə belə o, daim yaşayacaqdır.