Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazıçı, dramaturq, jurnalist, maarifçi-publisist, görkəmli naşir, ictimai xadim Cəlil Məmmədquluzadə yazıb-yaratdığı əsərləri ilə hər zaman böyük hörmət və sevgi ilə anılır.
Cəlil Məmmədquluzadənin bu il anadan olmasının 155 illiyi tamam olur.
Cəlil Məşədi Məmmədqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub. 1873-1876-cı illərdə mollaxanada Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində ilk təhsilini alan C.Məmmədquluzadə ərəb və fars dillərini də həmin illərdə mükəmməl şəkildə öyrənmişdir. C.Məmmədquluzadə 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunduğuna görə Azərbaycan dilinə cüzi yer verilirdi. Cəlil Məmmədquluzadə bu məktəbdə 3 il təhsil almışdır. Bu məktəbdə Mirzə Cəlilin dünyagörüşünün inkişafında tədris olunan dünyəvi fənlərin, həmçinin məktəbin müdiri maarifçi Konstantin Nikitinin, gürcü-xalqçı demokrat, coğrafiya müəllimi Georgi Uturqourinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun, Qori Müəllimlər Seminariyasını 5 il əvəzinə 2 ilə bitirmiş görkəmli pedaqoq Əliməmməd Xəlilovun da mühüm təsiri olmuşdur.
1879-cu ildə Zaqafqaziya Qori Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsinin yaradılması haqqında fərman verən Çar hökuməti kənd məktəbləri üçün müəllimlər hazırlayırdı. Bu seminariya pansionlu, qapalı təhsil ocağı idi. İlk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçən seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski 1882-ci ildə Naxçıvana gəlmiş və Cəlil Məmmədquluzadəni də tələbələrlə birlikdə siyahıya almışdır. C.Məmmədquluzadəni bu məktəbdə oxumağa yönəldən müəllimi Əliməmməd Xəlilovun rolu böyük olmuşdur. Belə ki, Ə.Xəlilov 21 iyun 1882-ci il tarixli kolleqrafik xətlə yazılmış ərizə ilə C.Məmmədquluzadənin seminariyaya daxil olması barədə onun atası Məşədi Məmmədqulunun adından müraciət etmişdi. Bununla da, həmin il imtahanlarında uğurlu nəticə əldə edən Mirzə Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamaqla yanaşı, ədib həmçinin yuxarı hazırlıq siniflərində və birinci əsas sinfində də yaxşı oxumuşdur.
1887-ci ildə C.Məmmədquluzadə Seminariyanı bitirir və müəllimlik attestatı alır. Cəlil Məmmədquluzadə Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri mütərəqqi pedaqoji təlimi ilə də Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil aldığı illər müdətində yaxından tanış olmuşdur. C.Məmmədquluzadə Seminariyanı bitirdikdən sonra 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen və Nehrəm kəndlərində müəllimlik edib.
Gənc nəslin təlim-tərbiyəsində, xüsusilə qızların təhsil alması üçün uşaqları mədəni inkişaf isiqamətində tərbiyə etməklə məşğul olan, kasıb uşaqlara öz qazancı ilə kitab, dərs vəsaiti, ayaqqabı və s. alan C.Məmmədquluzadə 1896-cı ildə Nehrəm kəndindəki məktəbdə tarix muzeyini yaratmış, bu muzeydə vətənimizin tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində əsərləri ilə daim diqqət mərkəzində olmuş ədiblərdən biri kimi, nəinki öz dövründə, hətta bugünki müasir dövrümüzdə də sayılıb seçilir. Onun əsərləri ədəbiyyatımızın zənginləşməsində böyük rol oynamışdır. Əsərlərində cahilliyi, avamlığı, rüşvətxor çar məmurlarını, kəndlilərə qarşı edilən zülmləri tənqid edən ədib Azərbaycan ədəbiyyatına verdiyi töhfələrlə yanaşı, insanların həyatına da mühüm təsir etmişdir.
XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy”, “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918), “Pirverdinin xoruzu” (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır. Bundan əlavə görkəmli yazıçının “Poçt qutusu”, “Kişmiş oyunu”, “Ölülər”, “Dəli yığıncağı” kimi bir çox əsərləri oxucular tərəfindən müasir dövrümüzdə hələ də sevilməkdədir.
Həm pedaqoji, həm də bədii fəaliyyəti ilə daima ictimaiyyətə faydalı insan olan Cəlil Məmmədquluzadənin keçdiyi bu yol bu sahədə çalışan gələcək nəsillərə hər zaman bir örnəkdir.
Azərbaycan ədəbiyyatında özünəməxsus tərzi lirik, satirik, dramatik, publisistik janrı ilə seçilən Cəlil Məmmədquluzadə bədii ədəbiyyatımızı bu əsərləri ilə zənginləşdirmişdir. Onun əsərləri teatrlarda tamaşalara da qoyulmuş və bu tamaşalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Görkəmli şəxsiyyət, böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib.