26 FEVRAL – XOCALI FACİƏSİ

Fevral 26, 2024

Xocalı qan yaddaşımızdır!

Xalqımıza qarşı ən amansız və faciəvi şəkildə törədilmiş ən ağır cinayət – soyqırım tarix boyu unudulmayacaq misilsiz bir vəhşilikdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri və Müstəqil Dövlətlər Biriliyinə məxsus olan Rusiyanın 366-cı motoatıcı alayının hərbiçilərinin iştirakı ilə Xocalı şəhərini işğal etmək məqsədini irəli sürərək, Xocalının yerli əhalisinə qarşı amansızcasına hücum edildi. Xocalıda yaşayan etnik azərbaycanlılara qarşı törədilən bu vəhşilik bu faciədən illər ötsə də nəinki xalqımız tərəfindən, hətta hələ də, dünyanın bir çox dövlətləri tərəfindən unudulmur və yaddaşlara əbədi həkk olmuşdur. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlumdur. Bu soyqırım 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri olaraq, dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş bir qətliamdır. Erməni cəlladları qadın, yaşlı, körpə demədən heç bir kəsə rəhm etmədilər o soyuq-şaxtalı gecədə… İnsanları ağır, ağılasığmaz işgəncələrlə qətlə yetirən bu azğınlaşmış, mənfur erməni vəhşilərinin etdikləri murdar əməllər onların necə bir cani olmasının göstəricisidir ki, bu gün də dünyanın bir çox ölkələrində müzakirə olunur.
Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu faciə haqqında xüsusi fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı Soyqırımı və Milli Matəm Günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Azərbaycan xalqı erməni quldurlarının törətdiyi bu vəhşiliyi heç zaman unutmur və unutmayacaq! Xalqımız Xocalı qurbanlarının əziz xatirəsini hər il ulu öndər Heydər Əliyev tərəfindən 25 fevral 1997-ci ildə imzalanmış fərmana əsasən 26 fevral tarixini “Xocalı Soyqırımı və Milli Matəm Günü” olaraq keçirməklə yanaşı, həmçinin 1 dəqiqəlik sükutla yad edir.
Neçə-neçə ocaq söndü o gecə… Günahsız körpələr, əliyalın silahsız insanlar qətl edildi o soyuq-şaxtalı qış gecəsi… Amma bu gün qalib xalqın qalib vətəndaşları olaraq başımız ucadır. Ona görə ki, müzəffər ordumuz, Ali baş komandanımız 44 günlük vətən müharibəsində zəfər çalaraq, nəinki Xocalı Soyqırımı qurbanlarının qisasını aldılar, hətta bütövlükdə xalqımıza qarşı zaman-zaman törədilmiş bütün erməni vəhşiliklərinə qarşı dəmir yumruqla cavab verdilər.

ABDULLA ŞAİQ-DOĞUM GÜNÜ29 FEVRAL – ƏBƏDİYYƏT GÜNƏŞİ CƏLİL MƏMMƏDQULUZADƏNİN VƏ ABDULLA ŞAİQİN YARADICILIQ GECƏSİ