29 FEVRAL - ƏBƏDİYYƏT GÜNƏŞİ CƏLİL MƏMMƏDQULUZADƏNİN VƏ ABDULLA ŞAİQİN YARADICILIQ GECƏSİ

Mart 04, 2024

29 Fevral tarixində Mərkəzimizdə “Əbədiyyət günəşi” layihəsi çərçivəsində görkəmli şəxsiyyətlərimizdən C.Məmmədquluzadənin və A.Şaiqin yaradıcılıq gecəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş hər iki dahi şəxsiyyətin əsərlərindən, şeirlərindən nümunələr səsləndirildi.
Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “Əbədiyyət nünəşi” adlı layihəsi əsasında görkəmli şəxsiyyətlərimizlə bağlı təşkil etdiyimiz tədbirin ilk təqdimatında aparıcı Şəbnəm İsmayılzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq, “Əbədiyyət günəşi” layihəsinin rəhbəri, Green Start Academy-nin kontent meneceri Nuranə Balaoğlanovaya və bütün əməyi keçən GSA ailəsinə öz təşəkkürünü bildirdi. Sonra GSA-nın direktoru, ixtisasca filoloq Aysel Rəsulzadə çıxış edərək layihə ilə, həmçinin görkəmli səxsiyyətlərimizlə bağlı öz fikirlərini qonaqlarla paylaşdı.

İlk öncə C.Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında hazırlanan videoçarx qonaqlara təqdim edildi. Ardından 113 nömrəli tam orta məktəbin “8c” sinif şagirdləri Ağabala Balaoğlanov, Fatimə Həsənova, Elmar Ələkpərov və Aysel Qiyaslı çıxış etdilər. Şagirdlər C.Məmmədquluzadə və A.Şaiqin əsərlərinin qısa məzmunu haqqında məlumat verdilər. C.Məmmədquluzadənin “Poçt qutusu” əsəri haqqında məlumatı isə bizə Mələk İbrahimova təqdim etdi.

Uşaqlığımızdan bu günümüzədək Abdulla Şaiqin şeirləri ilə böyüdüyümüzü xatırlatmaq üçün orta məktəb şagirdləri Leyla İbrahimova, Mələk Abdullayeva, Zəhra Abbasova, Zəminə Balaoğlanova, Elif Məmmədli və Alpər Məmmədli çıxış edərək A.Şaiqin şeirlərini söylədilər.


Tədbirin gedişatında C.Məmmədquluzadənin sevilən əsərlərindən biri olan “Danabaş kəndinin əhvalatları” əsəri əsasında çəkilən “Qəm pəncərəsi” filmindəki Kefli İsgəndər obrazının səsləndirdiyi monoloq monitorda nümayiş etdirildi. Monoloqun nümayişindən sonra isə aparıcı qonaqlara həmin monoloq və filmdəki səhnəcik haqqında və eləcə də bunun ardınca Cəlil Məmmədquluzadənin “Buz” hekayəsindən kiçik bir hissənin oxunmasından sonra qonaqlara bu hissə haqqında maraqlı suallar ünvanladı. Növbəti çıxış Seyid Cəfər Pişəvəri adına Klassik Gimnaziyanın şagirdləri Zeynalabidin Novruzov və Ümid Quliyevin oldu.


Səhnəcikdən öncə isə ideya müəllifi özünün olduğu Azərbaycan dili Günay Miri çıxış edərək tədbirlə və səhnəciklə bağlı təəssüratlarını bölüşdü. Şagirdlər bu səhnəcikdə iki görkəmli şəxsiyyəti – C.Məmmədquluzadəni və A.Şaiqi canlandıraraq çox maraqlı çıxış etdilər.
Tədbirdə əməyi keçən və böyük həvəslə çalışan şagirdlərə, onların müəllimlərinə və valideynlərinə həvəs və zəhmətlərindən dolayı hədiyyələri ilə daim bizləri sevindirən RM nəşriyyatının nümayəndəsi Gülmirə xanım tərəfindən şagidlərə kitablar təqdim olundu. Həmçinin Green Start Academy-nin direktoru Aysel xanım şagirdlərə tədbirdə iştirak etdikləri üçün “Təşəkkürnamə”lər verdi.
Tədbirdə Abdulla Şaiqin və Cəlil Məmmədquluzadənin ev muzeyinin direktorları iştirak edirdilər. Öncə Abdulla Şaiqin Ev Muzeyinin direktoru Ülkər Talıbzadəyə
daha sonra isə sonra isə Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Yeganə Məmmədovaya çıxış etmək üçün söz verildi.

Hər iki muzeyin direktorları öz çıxışlarında dahi şəxsiyyətlərimiz haqqında dəyərli məlumatlar verərək tədbirin təşkil edilməsi ilə bağlı öz təşəkkür və arzularını bildirdilər. Tədbirin sonunda Mirzə Ələkbər Sabir adına kitabxananın rəhbəri Aliyə Kərimova da çıxış etdi. Sonda “Əbədiyyət günəşi” layihəsinin rəhbəri Nuranə xanım öz çıxışında bu layihənin həyata keçirilməsinin başlıca məqsədini qonaqlara və iştirakçılara açıqladı. O, bu layihənin keçirilməsində əsas məqsədin şagirdlərdə mütaliə bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması, sürətləndirilməsi və eləcə də kütlə qarşısında çıxış etmək qabiliyyətlərini düzgün istiqamətə yönəltməkdən ibarət olduğunu vurğuladı: “Görkəmli şəxsiyyətlər ədəbiyyatımıza mühüm töhfələr verməklə yanaşı, eyni zamanda ədəbiyyatımızın zənginləşməsində xüsusi rol oynamışlar. Bu böyük şəxsiyyətlər Azərbaycanımızı dünyanın hər bir yerində tanıdıblar. Onların əsərləri dünyanın bir çox xalqları tərəfindən rəğbətlə qarşılanıb. Ona görə də bizim şagirdlərimiz onların həyat və yaradıcılığı, əsərləri haqqında yetərincə məlumatlanmalı, bu şəxsiyyətləri gələcək nəsillərə tanıtmağı bacarmalıdırlar”.
Sonda hər zamankı kimi GSA-nın Himni səsləndirilərək, fotossesiya və çay süfrəsi təşkil olundu, xoş söhbətlər aparıldı.
Beləliklə, Green Start Academy daha bir layihənin təşkilini həyata keçirdi. Ümid edirik ki, “Əbədiyyət günəşi” layihəmiz davamlı və hər kəs üçün, xüsusilə də gələcəyimiz olan uşaqların inkişafı yolunda faydalı olacaqdır.

26 FEVRAL – XOCALI FACİƏSİSOYUQ QIŞ GÜNLƏRİMİZ İSTİ VƏ SƏMİMİ DÜŞƏRGƏMİZDƏ