27 MART – AZƏRBAYCANDA ELM GÜNÜDÜR

Mart 27, 2024

Elm – reallığın və gerçəkliyin ağlı, zəkası və idrakı vasitəsilə məntiqi qavranılmasıdır.
Bəşəriyyət yaranandan bəri insan şüuru inkişaf edərək, təkamül prosesinin ən ali mərhələsinə qədər yüksəlmiş, təsəvvür edilməyəcək dərəcədə çox yüksək səviyyəyə çatmışdır. Hələ qədim zamanlardan bəri ibtidai icma quruluşundan başlayaraq əcdadlarımız müxtəlif sahələr üzrə təkmilləşərək məntiqi təfəkkürdən tutmuş ən kreativ düşüncələrə qədər inkişafa doğru irəliləmişlər. Dünyanın necə yaranması, kainatın nə zamandan bəri mövcudluğu ibtidai insanı düşündürmüş və bunları araşdırmağa sövq etmişdir. Məhz bu səbəbdən ta qədim dövrlərdən başlayaraq kainatda “Elm” məhfumu yaranmağa başlamışdır. İnsanlar ətraf aləmi dərk etdikcə, şüur, təfəkkür inkişafa doğru irəlilədikcə yeni araşdırmalar artmış, elm sahəsi genişlənmişdir. Ulduzların, təbiətin, yaradılışın, bir sözlə, kainatın sirri elm sahəsinin inkişaf prosesinin sürətlənməsinə gətirib çıxarmışdır. Bu səbəbdən də insan daim axtarışda olmuş, öyrənmək, labüd biliklərə yiyələnmək üçün yalnız və yalnız elm öyrənməklə məşğul olmuşdur. Elmin sahələri hər zaman mövcud olmuş, öz aktuallığını itirməyərək daima öyrənilmiş və yüksək səviyyə, inkişaf mərhələsinə çatmışdır. Elmin sahələri – tibb, fəlsəfə, kimya, fizika, astronomiya, biologiya, coğrafiya, geologiya, zoologiya, anotomiya və s. keçmiş zamanlardan mövcud olaraq bu günümüzə qədər hələ də inkişaf etmişdir. Bu sahələrin inkişafı nəticəsində təbiətdə insanlara lazım olan müxtəlif proseslərin gedişatını, baş verməsini, səbəbini, zərərlərini və faydalarını öyrənmişlər. Təbiidir ki, elm sahələrinin yaranması və inkişafının ən başlıca səbəbi insan şüurunun inkişaf etməsidir. Tanrının insan övladına bəxş etdiyi yüksək zəka və şüurlu təfəkkür sayəsində elm inkişafa doğru irəliləyərək böyük və uzun yol keçmişdir. İnsanlar bugünkü müasir dövrümüzə qədər məhz elmi biliklər sayəsində tərəqqi və yüksəlişə nail olmuşlar. Kainatın öyrənilməsi uğrunda elmlə məşğul olan mütəxəssislər, alimlər yaxından iştirak etmişlər. Bu gün də elmin bütün sahələri üzrə alimlərimizin araşdırmaları, yeni kəşfləri davam etməkdədir.
Beləliklə, Elm – obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insani fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir.
Daima dövlətimiz və elmi ictimaiyyətimiz tərəfindən elmə dəyər verilmişdir. Elə bu səbəbdən də 27 mart tarixi bizlər üçün mühüm əhəmiyyət kəsb edir. Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Bu günün tarixi eyni zamanda ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər deyib: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”. Azərbaycanda da elmin inkişafının kökləri qədim dövrlərə söykənərək, çox geniş tarixi dövrü əhatə edir. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.
Prezident İlham Əliyevin elm sahəsinə göstərdiyi diqqət və qayğıdan dolayı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə, Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun Respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
2014-cü il noyabrın 10-da və 11-də ölkəmizdə ilk dəfə olaraq AMEA-nın təşkilatçılığı ilə Bakı Elm Festivalı keçirilib. Tədbirdə institut və elmi təşkilatların, regional bölmələrin elmi nailiyyətlərini əks etdirən məruzələr dinlənilib, müxtəlif sərgi və elmi şoular nümayiş etdirilib. Birinci Elm Festivalında 15 mindən çox insan iştirak edib. Respublikanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan ikinci Elm Festivalının açılış mərasimi 2016-cı il oktyabrın 31-də AMEA-nın əsas binasında təşkil olunub. Sonra festival işini Naxçıvanda, Sumqayıtda, Şəkidə və Gəncədə davam etdirib. Azərbycan Milli Elmlər Akademiyasının ölkəmizin elmin inkişafı tarixindəki rolu misilsiz və əvəzedilməzdir.
Hər zaman elmin inkişafı istiqamətinə öz gücünü sərf edən və bu yolda əsla ruhdan düşməyərək, irəliyə doğru gedən Green Start Academy gələcək nəslin daha səmərəli imkanlardan istifadə etməsi və yararlanması məqsədilə sırf elmin inkişafına xidmət edən “Qlobal Elm və Təhsil Tədqiqatları Forumu” layihəsini həyata keçirir. Layihə olaraq məqsədimiz öyrəndiyimiz və bundan sonra da öyrənməyi planlaşdırdığımız qabaqcıl təhsil və pedaqoji təcrübənin, təhsil və pedaqogika sahəsində tədqiqatların təhsil ictimaiyyəti – müəllimlər, tədqiqatçılar, məktəb rəhbərləri, valideynlər və tələbələr arasında yayılmasına, eyni zamanda bu istiqamətdə araşdırmaların genişlənməsinə nail olmaqdır.
Qlobal Elm və Təhsil Tədqiqatlar Forumunun fəaliyyətinə daxildir:
• Təhsilin aktual mövzuları üzrə araşdırmalar aparmaq və bu araşdırmaların təqdimatını keçirmək;
• Qabaqcıl müəllimlərin pedaqoji təcrübəsini yaymaq (qəzet, jurnal, kitabça, flayer və s. formada);
• Ayrı-ayrı təhsil müəssisələri, körpələr evi – uşaq bağçalarının, eyni zamanda müvafiq müəssisələrin rəhbərlərinin iş təcrübəsinin müzakirəsi və yayılması;
• Dünyanın təhsil sistemləri, innovativ məktəblər, qlobal təhsil layihələri mövzusunda təlimlər və konfransların keçirilməsi;
• Pedaqoji fikir tarixinin öyrənilməsinin zəruriliyini ifadə edən seminar və forumların keçirilməsi;
• Dahi pedaqoqların, elm və təhsil xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktiki konfransların, seminarların təşkil olunması və s.
• Təcrübə mübadiləsi layihəsi çərçivəsində dünyanın təlim-tədris müəssisələrinin təcrübəsinin öyrənilməsi;
• Beynəlxalq konfransların təşkil olunması.

Elm üçün rahat və üzdə olan heç nə yoxdur. Bu yolda fədai və fədakar olmadan, yüksək məntiqə, elmi əsaslara, nəzəri hazırlıqlara, intuisiyaya malik olmadan konkret və müəyyən uğurlara nail olmaq müşkül məsələdir. Ömrünü elm yolunda xərcləyən, bu yolda fədakarlıqla mübarizə aparan hər bir kəsi və eləcə də bütün elm ictimaiyyətinin üzvlərini Elm Günü münasibətilə təbrik edirik.

NOVRUZ BAYRAMI31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ