31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

Mart 31, 2024

Tarix boyu vətənimizin hər qarış torpağına göz dikmiş, xalqımıza qarşı murdar məkrlilik və düşmənçilik hissləri bəsləmiş erməni quldurları öz çirkin əməlləri ilə bizim qatı düşmənlərimiz olmalarını sübut etmişlər. Lakin bu quldurların layiqli cavablarını vermiş vətənimizin mərd oğulları torpaqlarımızı bu qarətçilərdən təmizləmiş, onları xar etmişlər. 1918-ci il 31 mart tarixi də erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti vəhşilik, 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixə əbədi həkk olunmuşdur.
Mart soyqırımı və ya Mart hadisələri – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləc də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri ən amansız vəhşilik hadisələrindən biridir. Hələ Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələrinin bağlandığı dövrlərə nəzər salsaq, o zamanlar Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin, qısa bir müddətdə bu siyasətin gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirilməsilə xalqımızın bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbtinin başlanmasının şahidi olarıq. Bu köçürülmə prosesilə, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin başlanılması və bu siyasətin həyata keçirilməsilə Azərbaycan torpaqlarının işğalının bünövrəsi qoyulmuşdur. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlanmış, bu uydurma və qondarma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil etmişdi.
Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşdular. 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmışdı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Bu amansız vəhşiliklərin törədilməsi zamanı erməni-daşnak rus bolşevik qüvvələrinin Azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərmişdi. Daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etmişdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı “inqilabi ordu”ya bir nəfər də olsun azərbaycanlı qəbul edilməmişdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılmışdılar. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Bakı Soveti və daşnak erməni silahlı dəstələri Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürmüş, qılıncla parçalamış, süngü ilə dəlmə-deşik etmişdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunmuşdu. O zaman Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımının baş verdiyi ayrı-ayrı ərazilərdə törədilmiş dəhşətli cinayətləri araşdırmışdır. İllər keçsə də xalqımız bu vəhşilikləri unutmur və bu törədilmiş cinayətlərdən gələcək nəsilləri məlumatlandırır ki, onlar da öz mənfur düşmənlərini tanısınlar, onlara qarşı diqqətli olsunlar. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırm qurbanlarının əziz xatirəsini uca tutur, onlara Allahdan rəhmət diləyirik!

27 MART – AZƏRBAYCANDA ELM GÜNÜDÜR1 APREL – ÜMUMDÜNYA GÜLÜŞ GÜNÜ