10 MAY – ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR

May 10, 2024

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ili tamam olur.
Dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əlirza oğlu Əliyev 1923-cü il 10 may tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır. Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini xalqımızın hər bir vətəndaşı layiqincə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır.
Ümumilli Liderin keçdiyi uzun və zəngin həyat yolu hər bir azərbaycanlının maraq dairəsinə səbəb olacaq qədər maraqlıdır. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli olmuşdur. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş, lakin Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir. Vətənimizin çiçəklənməsində böyük əzmkarlıqla çalışan Heydər Əliyev siyasi müstəvidə öz sözünü demiş liderlərdəndir. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan Respublikası günü-günüdən inkişafa doğru yüksəlmişdir.
Bu gün onun yolunu davam etdirən cənab İlham Əliyev Azərbaycanımızın siyasi-iqdisadi və ictimai həyatında mühüm addımlar ataraq ölkəmizin gündən-günə müasirləşməsinə və inkişafına dair bir çox uğurlu işlər görməkdə davam edir. Qalib ölkənin qalib lideri olaraq İlham Əliyev uğurlu siyasətin davamçısı olaraq, ölkəmizi bütün Avropa və Şərq dövlətləri içərisində layiqincə təmsil edir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu, Amerika Birləşmiş Ştatlarında yerləşən Klivlend klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Dərin hörmət və ehtiramla anırıq!

9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜDÜR12 MAY – ANALAR GÜNÜDÜR