15 MAY – BEYNƏLXALQ AİLƏ GÜNÜDÜR

May 15, 2024

Mənəvi dəyərlər, birlik, səmimilik, sadiqlik, nəzakətlilik xüsusiyyətlərini özündə birləşdirən ailələr cəmiyyətimizdə müsbət keyfiyyətlərə məxsus olan mənəvi güc modeli rolunu oynayır. Milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, valideyn-övlad münasibətlərinin qorunmasında atdıqları addımlarla inkişafa doğru gedən ailələr cəmiyyətdə əsas aparıcı qüvvə rolunu oynayırlar. Belə ailələr cəmiyyətimizin təməli olmaqla yanaşı, digər ailələrə də nümunədirlər. Övladlarının tərbiyəsində, təhsilində, onların cəmyyətdə inkişafı uğrunda, özünü ifadəetmə bacarıqlarının formalaşmasında xüsusi normativ qaydalara əməl edən valideynlər cəmiyyətimiz üçün gözəl insani keyfiyyətlərə xas olan şəxsiyyətlər yetişdirirlər.
Hər ailə kiçik bir dövlətdir. Bu dövlətin təməlinin möhkəm olması üçün etik-davranış, nəzakət qaydalarına əməl edilməsi ən vacib şərtlərdən biridir. Ailədə bir-birinə qarşı edilən hörmət, ehtiram cəmiyyətə ötürülür. Hər bir uşaq yaşadığı evin güzgüsüdür. O, ailənin daxilində necə tərbiyə alırsa, ailədə ona necə davranılırsa, ətrafa da bunları o tərzdə nümayiş etdirir. Bütün münasibətlər elə ailədən başlayır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq “Beynəlxalq Ailə Günü”nün qeyd olunması barədə qərarı ilə 1994-cü ildən etibarən 15 may dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Ölkəmizdə isə bu əlamətdar gün 2008-ci ildən qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd, ataların ailədə məsuliyyətləri, çətinlikləri, bəzi ataların ailə daxilində zorakılıq hallarına yol vermələri, əksər hallarda ataların miqrasiya səbəbindən ailələrindən ayrı düşmələri və s. bir çox sosial-ictimai məsələlərin həllində ailələrə dəstək olmaq, müvafiq problemlərin həlli üzrə işlər görməkdən ibarətdir.
Bu gün Azərbaycan ailəsində böyüyən övladlar əsl vətənpərvər, torpağına, el-obasına bağlı şəxsiyyət kimi yetişdirilir, böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər qazanırlar. 30 illik işğala son qoyaraq 44 gün ərzində canı-qanı bahasına vətən torpaqlarımızı azad edən Azərbaycan ailələrinin övladları idi. Şanlı Vətən müharibəsində əldə edilən zəfəri məhz şəhidlərimizə, qazilərimizə və onları yetişdirən ailələrə borcluyuq. Bu qəhrəmanlar bir daha öz vətəninə sadiqliklərini göstərək, necə bir igid vətənpərvər oğullar olduqlarını sübut etdilər.
Xalqımız ta qədim dövrlərdən bu günümüzə qədər ailə dəyərlərini qorumuş, böyüyə hörmət, ehtiram hissi bəsləmiş, qonaqpərvərlik xüsusiyyətlərini göstərmiş, bir-birinə nəzakətlə davranmış, milli adət-ənənələrimizə əməl etmiş, islami dəyərlərimizə köklənərək, müsəlmançılıq prinsiplərimizi əsas tutmuşdur.
Hər bir azərbaycanlı ailəsini bu əlamətdar gün münasibətilə təbrik edirik. “Ailə müqəddəsdir!” prizmasını daim irəli sürərək ailə dəyərlərimizi möhkəm şəkildə qoruyaraq gələcək nəsillərə ötürək!

12 MAY – ANALAR GÜNÜDÜRÖLKƏMİZDƏ TƏHSİL BAYRAMI