Hər bir xalqın mədəni həyatında xüsusi rola malik olan, onun qədim tarixi keçmişindən xəbər verən dəyərli abidələri, nümunəvi və qiymətli sənət əsərləri mövcuddur. Bu sənət əsərlərini qorumaq və onları gələcək nəsillərə ötürmək üçün isə maddi binalara – muzeylərə ehtiyac duyulur. Elə muzeylər özləri də cəmiyyətdə bir tarixi abidə rolunu oynayaraq gələcək nəsillərə əmanət edilir. Muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısına, eyni zamanda, qloballaşmanın mənfi nəticələrinə qarşı dura bilən mədəniyyət ocaqlarıdır. Muzeylər mahiyyətinə görə müxtəlif üslublarda olaraq dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. tipli formalarda təşkil edilirlər. Qoruq tipli muzeylərə adətən, açıq havada olan abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar, xüsusi memarlıq üslubuna aid qeyri-adi tiklilər daxildir. Muzey xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir. Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu “xəzinə” əslində elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlandığı yer kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Məhz bu səbəbdən, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı, muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək məqsədilə, Beynəlxalq Muzeylər Şurasının (İCOM – İnternational Council Of Museums) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi təsis edilib. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Qədim dövrlərdə ölkəmizin ərazisində qurulmuş Atropatena və Albaniya dövlətlərinin hökmdarlarının saraylarını müsair muzeylərin sələfləri hesab etmək olar. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib. XIX əsrin ikinci yarısından etibarən ölkədə sürətlə cərəyan edən proseslər Azərbaycanda muzey işinin təşkilinə xüsusi təkan yaradıb. Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə ölkəmizdə ilk muzeylərdən biri XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil edilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
Azərbaycanın canlı muzeyi hesab edilən Şuşa şəhərində 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub. Hazırda azad olunan torpaqlarımızda cənab ali baş komandan, prezident İlham Əliyevin təşəbbüsü ilə bütün tarixi abidələrimiz bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılır.
Azərbaycanda mədəni-milli tariximizdən, keçmişimizdən xəbər verən muzeylərimiz saysız-hesabsızdır. Bunlardan Azərbaycan Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Respublikası Milli Təhsil Muzeyi, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, İçərişəhər Muzey Mərkəzi və s. bir çox zəngin tariximizdən bəhs edən əsrarəngiz muzeylərimizi saymaqla bitməz. Muzeylər bizlərə qədim tariximizi öyrədən canlı sənət nümunələridir. Onları qoruyaraq gələcək nəsillərə ötürmək bizim borcumuzdur.