Green Start Academy Psixologiya İnkişaf və Təlim mərkəzində 1 iyun Uşaqların Müdafiəsi gününə həsr edilmiş bayram tədbiri çox xoş, səmimi anlarla yaddaqalan olub. Mərkəzin Youtube kanalı üzərindən canlı yayımlanan tədbirin bir çox mühüm qonaqları sırasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov da iştirak edirdi.
İlk öncə qonaqları salamlayan və uşaqları bu gözəl gün münasibətilə təbrik edən Mərkəzin direktoru Aysel Rəsulzadə bu günlə bağlı öz təəssüratlarını qonaqlarla paylaşaraq, bu bayram günündə çox sevincli olduğunu da bildirdi. Daha sonra isə bu günün qısaca tarixçəsinə nəzər yetirilərək bu haqda hər kəsə aparıcılar tərəfindən məlumat verildi. Tədbirdə uşaqların hüquqları ilə bağlı məlumatlar elə onların öz dilindən səsləndirildi.
Millət vəkili Ceyhun Məmmədov da öz orijinal çıxışı ilə hamının diqqətini özünə cəlb etdi. O, son illər ölkəmizdə uşaqların hüquq və müdafiəsi naminə görülən işlərlə bağlı fikirlər səsləndirdi. Bu haqda geniş mövzu ətrafında söhbət açdı, sitatlar gətirərək, öz fikirlərini əsaslandırdı. Ceyhun müəllim çıxışının sonunda uşaqları bu gözəl gün münasibətilə təbrik etdi.
Mərkəzin “kiçik akademiki” – Seyid Cəfər Pişəvari adına humanitar fənnlər üzrə gimnaziyanının şagirdi Zeynalabidin Novruzova söz verildi. O, “Millət vəkili olsaydım nə edərdim?” mövzu ilə çıxış edərək ideyalarını iştirakçılarla bölüşdü. “Kiçik akademik”in bu çıxışı bütün qonaqların marağına səbəb oldu.
Uşaqların biri-birindən maraqlı çıxışları tədbirə xüsusi rəngarənglik qatdı. Mərkəzdə keçirilən bu maraqlı və gözəl tədbir uşaqlar üçün maraqlı olduğu qədər, böyüklər üçün də xoş təəssürat bağışladı. Uşaqların ifasında söylənilən şeirlər, mahnılar, nümayiş etdirilən rəqslər tədbirin şən və gözəl keçməsinə zəmin yaratdı.
Bayram tədbirində ölkəmizdə yaşayan əfqan miqrantlar da iştirak edirdilər. Onlar da tədbirdə çıxış edərək şeirlər, mahnılar söylədilər və rəqslər nümayiş etdirərək, iştirakçıların zövqünü oxşadılar.
Tədbirdə iştirak edən bütün uşaqlara Təşəkkürnamələr və RM nəşriyyatı tərəfindən maraqlı kitabçalar paylanıldı.
Tədbir iştirakçıları, valideynlər və müəllimlər onları maraqlandıran suallarla Ceyhun müəllimə müraciət etdilər. Millət vəkili onların suallarını cavablandırdı və uşaqların təlim-tədrisi ilə əhəmiyyətli məqamlara toxunaraq fikir və tövsiyələrini paylaşdı. Akademiyanın musiqi bölməsinin rəhbəri, GSA-nın himninin bəstəkarı, Müslüm Maqamayev adına 11 illik musiqi məktəbinin fortopiano müəllimi, həmçinin bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Lalə Şirin və onun sevimli tələbələri, həmçinin layihələrimizin aktiv iştirakçıları da bu tədbirdə iştirak edirdilər. Lalə xanımın tələbələrinin çıxışları hər kəs üçün xoş oldu. Uşaqların Müdafiəsi gününə aid Lalə xanımın bəstələdiyi uşaqlarla bağlı himn əməkdaşlar tərəfindən səsləndirildi. Bu himn çox gözəl, ahəngdar notlarla səsləndirilərək hər kəs tərəfindən alqışlarla qarşılandı.
Eyni zamanda instagram üzərindən təşkil edilən əyləncəli müsabiqənin nəticələri elan olundu və qalibə POP MMC tərəfindən meyvə şirələrə təqdim olundu. Sonda həmişəki kimi bu işdə Mərkəzə dəstək olan RM nəşriyyatına, həmçinin Pop MMC-yə xüsusi təşəkkür ünvanlandı.
“Green inanır sizə… Sabah gözəl gələcək… Dünyada bütün uşaqlar sevinəcək, güləcək…”