Şabran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Çinarə Aslanova növbəti dəfə yüksək peşəkarlığını nümayiş etdirərək texnologiya fənni üzrə keçirilən sertifikasiya imtahanında 56 bal toplayıb.
Çinarə müəllimin uğurları uzun illərin zəhmətinin və öz üzərində davamlı çalışmasının nəticəsidir. O, 2022-ci ildə respublika üzrə ilk 20 müəllim sırasında yer almış, 2024-cü ildə də yüksək nəticə göstərmiş, 2026-cı ildə isə sertifikasiya imtahanında 56 bal toplayaraq növbəti mühüm nailiyyətini əldə etmişdir. Bununla yanaşı, o, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək üçün də sənədlərini təqdim etmiş və peşəkar inkişaf yolunda inamla irəliləməyə daim davam etmişdir.
Çinarə Aslanovanı fərqləndirən əsas xüsusiyyətlərdən biri onun səmimiyyəti, mehribanlığı və insanlara təmənnasız dəstək göstərmək istəyidir. O, “Texnologiya qrupu – AMP” sosial platformasının yaradıcısı, eyni zamanda Green Start Academy-nin Azərbaycan Müəllimləri Platformasının idarəedicisidir. Çinarə müəllim illərdir ki, bu platformalar vasitəsilə müəllimlərlə bilik və təcrübəsini bölüşür, metodiki materiallar paylaşır, yüzlərlə müəllimin peşəkar inkişafına ödənişsiz dəstək göstərir.
Çinarə müəllimin fəaliyyətinin ən vacib tərəflərindən biri də sertifikasiya imtahanına hazırlaşan müəllimlərlə apardığı sistemli işdir. O, özünün imtahana hazırlaşdığı dövrdə belə həmkarlarını da hazırlayaraq onların uğur qazanmasına töhfə verir. Onun dəstəyi və hazırlığı ilə sertifikasiya imtahanında iştirak edən müəllimlərin hər biri 53, 56, 58 bal toplayaraq əməkhaqlarına 35 faiz artım hüququ qazanmışdır. Bu nəticələr Çinarə müəllimin yalnız öz sahəsində uğurlu mütəxəssis deyil, həm də peşəkar mentor və müəllim yetişdirən müəllim olduğunu göstərir.
“Beşikdən qəbrədək elm öyrənək” prinsipini həyat amalına çevirən Çinarə müəllim öyrənməyi heç vaxt dayandırmır və qazandığı bilikləri başqaları ilə bölüşməyi özünün müəllimlik missiyası hesab edir. Onun fəaliyyəti göstərir ki, əsl müəllim yalnız dərs deyən deyil, həm də cəmiyyətə fayda verən, həmkarlarını ruhlandıran və onların inkişafına töhfə verən şəxsdir.
Çinarə Aslanovanı qazandığı növbəti uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlu təhsil illəri arzulayırıq.
Aysel Rəsulzadə,
Pedaqoq,
uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis,
Green Start Academy Təlim və İnkişaf Mərkəzinin rəhbəri


