ABDULLA ŞAİQ-DOĞUM GÜNÜ

Fevral 21, 2024

Hər bir millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.

Azərbaycanın ictimai ədəbi və mədəni fikir tarixində görkəmli romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim bədii tərcümələr müəllifi, müəllim və pedaqoq kimi xüsusi yer tutan Axund Mustafa oğlu Abdulla Talıbzadə (Abdulla Şaiq) 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində ruhani ailəsində doğulmuşdur.
Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları hazırlamışdır. 1906-cı ildən ədəbi fəaliyyətlə məşğul olan görkəmli ədib yaradıcılığına tərcümə və qəzəllə başlasa da onun ilk əsəri “Laylay” adlı uşaq şeiri olub. Elə həmin ildən başlayaraq şair silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiq “Xoruz”, “Keçi”, “Uşaq və Dovşan”, “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül”, “Ana Yurdum”, “Vətən” bir çox digər bu kimi şeirləri Azərbaycan ədəbiyyatında önəmli yer tutmaqla yanaşı, uşaqlar tərəfindən müasir dövrümüzdə hələ də sevilməkdədir. Ədəbiyyatımıza zəngin şeirlər bəxş etməklə, ədibin həmçinin hekayələri və bir çox pyesləri oxucular tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır. Yazıçının “Məktub Yetişmədi”, “Köç”, “Daşqın”, “Göbələk”, “Pirin Kəraməti” və s. bir çox hekayələri vardır. Abdulla Şaiqin həmçinin romanlarından “Əsrimizin qəhrəmanları”, “Dursun”, “Araz”, “İki müztərib yaxud əzab və vicdan” ədəbi janrın ən zəngin nümunələrindən sayılır. Yazıçının uşaqların sevərək oxuduğu “Tıq-Tıq xanım”, “Tülkü Həccə gedir”, “Yaxşı arxa” kimi bir sıra mənzum nağılları bu gün də tamaşalara qoyularaq sevilməkdədir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.
Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.

14 FEVRAL BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜDÜR26 FEVRAL – XOCALI FACİƏSİ