Akademik gəzinti layihəsi çərçivəsində Xaçmaz rayonu – Nabrana gəzinti təəssüratlarımız

İyul 02, 2025

29 iyun tarixində ölkəmizin gözəl guşələrindən biri olan Xaçmaz rayonuna gözəl bir gəzintimiz baş tutdu. Bu gəzintiyə qoşulan Xətai rayonu 263 nömrəli tam orta məktəbin şagirdləri və valideynləri bütün gün ərzində bolluca əylənərək, səmərəli vaxt keçirdilər. 8b sinif şagirdlərinin sinif rəhbəri Rəna müəllim də öz şagirdlərini bu gəzintidə tək qoymayaraq, onlara qoşuldu.

 

Səyahət karvanımız səhər saat 07:00-dan yola düşərək, yol boyunca davam edən şən musiqilər, maraqlı oyunlarla Xaçmaz rayonun gözəl və səfalı meşəsinə gəlib çatdı. Rahat bir piknik məkanında səhər yeməyi yeyib biraz istirahət edəndən bir neçə saat sonra Nabran istirahət məkanına yollandıq. Burada uşaqlarla, valideynlərlə birlikdə maraqlı və əyləncəli oyunlar, aktivitilər, yoqa təlimi təşkil etdik. Həmçinin naharımızı ecazkar təbiət qoynunda yerləşən bu məkanda etdik. Çayın şırıltısı, ətrafın möhtəşəm yaşıllığı, quşların şirin nəğməsi, bir sözlə meşənin füsunkarlığı insanın ruhunu bu gözəllik aləmində yeniləyir, rahatladır və pozetiv enerji ilə təmin edirdi. Bütün narahatlıqlarımızı, stressimizi, neqativlikləri sanki təbiət bizdən alıb aparır, ruhumuzu qidalandırırdı.

Komandamız hər zaman olduğu kimi birliyini nümayiş etdirərək, uşaqları və valideynləri bir araya cəm edib interaktiv oyunlar ilə hər kəsi əyləndirməyi bacardı. Möhtəşəm təbiət qoynunda uşaqlarla, valideynlərlə bərabər bu anları bir daha yaddaqalan etməkdən ötrü fotoçəkilişmiz də baş tutdu.

 

Beləcə, gözəl anlarla dolu daha bir gəzintimizi başa vurduq. Və ürəklərimizdə bu gəzintidən xoş xatirələrlə dolu təəssüratlarla qayıtdıq.

Bunu əminliklə qeyd edə bilərik: Green Start Academy olaraq hər dəfə təşkil etdiyimiz Akademik gəzintimizdə çiçəklərin qoxusunu, çayların şırıltısını, quşların nəğməsini, uşaqların sevinc dolu gülüşlərini, yolçuluq sərgüzəştlərimizi və daha neçə-neçə gözəl anlarla dolu hekayələri bir ürəyə sığdırmağı bacarmışıq. Çünki məqsədimiz və amalımız bir olunca könüllərimiz də bu yolda birləşib.

23 İYUN – DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI GÜNÜ28 iyun – Müşfiq Ötgünlə görüş