Artıq bir müddətdir ki, dünyamız daha bir virus təhlükəsi – COVİD 19: Koronavirus ilə üz-üzə dayanaraq, mübarizə aparmaqdadır. Həm də bu təhlükə dünyanın bütün ölkələrini deyil, yalnız xüsusi seçilmiş ölkələrdə öz təhlükəsini yaymaqdadır. Hansı ki o ölkələrdə insanlar həm psixoloji, həm də fiziki cəhətdən bu təhlükəni atlatmaqda o qədər də böyük gücə malik deyillər. Bəli, deməli, bu dünya siyasətçilərinin insan oğlunun başına açdığı növbəti siyasi oyunlardan biridir. O siyasi oyun ki, bunu gündəlik həyatında artıq bir vərdişə çevirmiş ölkələrdə tətbiq etmək mümkün deyil. Niyə bu virus Hindistan kimi çirkablar içində yaşayan, insanların öz zibillərini tökərək çirkləndirdiyi Qanq çayından həm də içməli su olaraq istifadə etdiyi bir ölkədə yayılmadı? Niyə bu virus hər gün aclıq, səfalət, gigiyena qaydalarından uzaq yaşayan bir çox Afrika ölkələrində yayılmadı? Çünki bu ölkələr onsuzda bu hala alışıqdırlar. Bu ölkələrin insanları hər gün onlarla belə virusu qarşılayır və rahatlıqla dəf edə bilirlər. Gigiyenik baxımdan buna hazır olamasalar da, fiziki cəhətdən güclü olmaları, daim məişət çətinliklərinin olması onları bu virusun öhdəsindən asanlıqla çıxmağa yardımçı olur.
Bəs biz? Biz niyə bu qədər təşvişlə, qorxu ilə qarşılayırıq bu taclı (“korona” sözünün mənası “tac”, “çələng” deməkdir) virusu? Çünki biz heç bir formada hazır deyilik buna. Gündəlik alışqanlıqlarımız – həyatımızı daha rahat etmək üçün istifadə etdiyimiz vasitələr bizi gücləndirmək yerinə daha da zəiflədir desək, yanılmarıq. Hansı tərəfdən baxsaq da – həm psixoloji, həm fiziki cəhətdən bu təhlükənin öhdəsindən gəlməkdə çətinlik çəkirik.
İnsanı idarə edən onun düşüncəsidir. İstənilən mövzuyla bağlı fikir yürüdərkən insan düşüncə tərzindən asılı olaraq ona mənfi, yaxud müsbət fikir bildirə bilər. Bu zaman onun hansı təfəkkürə, yaxud düşüncə tərzinə sahib olduğunu asanlıqla müəyyən etmək olur. Bu cür təhlükəli zamanlarda da insanın düşüncə tərzi onun köməyinə daha tez çatır. Və elə bununla da bəlli olur ki, bizim düşüncəmiz nə dərəcədə güclüdür. Təəssüf ki, biz pozitivdən daha çox neqativə köklənməyə daha çox meyilliyik. Niyə? Ona görə ki, insanların zəif düşdüyü bu anlarda bir-birimizə güc, dəstək göstərməkdənsə, əsası olmayan, yalan-dolan səslər, ismarıclarla düşüncəmizi daha da neqativə kökləyirik. Sosial şəbəkələrdən bəhrələndiyimiz bir zamanda rəsmi məlumatları paylaşıb insanlarımızı doğrularla təlimatlandırmaqdansa, rəsmi qurumların adından yalan-dolan məlumatlar yayıb paylaşmaqdayıq. Bunun təfəkkürümüzə, düşüncəmizə nə qədər böyük zərbə vurduğunu anlamaqla bərabər, gələcək üçün hazırladığımız övladlarımızın sağlam düşüncələrinə nə dərəcədə böyük ziyan vurduğumuzun fərqinə belə varmırıq. Doğrularla əl-ələ verib güclənməkdənsə, yalanlarla səs-səsə verib daha da cılızlaşırıq.
Fiziki cəhətdən isə bu təhlükəyə ümumiyyətlə hazır deyilik. Fiziki baxımdan güclü olmanın bir sıra qaydaları var: hər gün idman etmək, gigiyena qaydalarına əməl etmək (əli gün ərzində bir neçə dəfə sabunlayaraq yumaq, dişləri fırçalamaq və s.), açıq havada gəzmək, düzgün qidalanmaq, nəzakət-davranış qaydalarına əməl etmək və s. Bütün bunlar gündəlik etməli olduğumuz və bizi gücləndirən vərdişlərdir. Amma bunları hər gün edirikmi? Təəssüf ki, çox faizliklə “xeyr”… Bu səbəbdən də bu gün adi bir virusun öhdəsindən gəlməkdə çətinlik çəkirik.
Bütün bunları gündəlik həyat tərzimizə çevirmiş olsaydıq, bu gün biz asanlıqla bu virusu dəf edərdik. Amma bir el məsəlində deyildiyi kimi, ziyanın yarısından qayıtmaq özü də xeyirdir. Unutmayaq ki, başımıza gətirilən bu bəlalar gələcəkdə ola biləcək bir çox fəlakətlərin başlanğıcıdır. Buna görə də biz millət, xalq olaraq buna həm psixoloji, həm də fiziki baxımdan hazır olmalıyıq. Allah bizi bundan betərindən qorusun!