Deyilənə görə, biz uşaqlar dünyaya gələndə ağappaq kağız parçasına bənzəyirik. Valideynlərimizin və digər doğmalarımızın sevgisi və nəvazişi ilə bu “bəyaz dünya”mız al-əlvan rənglərə boyanır və gündən-günə gözəlləşir.
Zamanla həyatımıza edilən yanlış müdaxilələr və yersiz yanaşmalar psixologiyamızda mənfi izlərə yol açmağa başlayır. Böyüklərin müxtəlif səbəblərdən etdikləri mübahisələr bu izləri daha da dərinləşdirir. Bütün bunlarla bərabər, “dünya”mıza edilən yersiz məcburiyyətlərdən dolayı çıxartdığımız haqq səsimiz şiddət və digər psixoloji təzyiqlərlə susdurulur. Hər dəfəsində içimizə axıdılan, xarakterimizə hopan bu pislikləri məsumluğumuz və saflığımızla təmizləməyə çalışsaq da, təəssüflər olsun ki, böyüklərin məsuliyyətsizliyi və iradəsizliyi nəticəsində buna nail ola bilmirik.
Bu gün Yer kürəsi daha bir pisliklə – COVİD 19: koronavirusu ilə mübarizə aparmaqdadır. Ağuşuna alaraq içdən-içə insanı məhv edən bu pandemiya, deyilənə görə, böyüklərə daha çox yoluxurmuş. Bu məqamda biz uşaqlar birlik olaraq böyüklərə səslənirik:
Bizi var edən, bu günümüzü və sabahımızı aydınladan, başımızın tacı böyüklərimiz! Bütünlüklə dünyamızı qorumaq və xilas etmək üçün yenidən məsuliyyət sizin çiyinlərinizdədir. Gələcəklə bağlı arzularımızın yarıda qalmaması diləyiylə bizlərə öyrətdiyiniz kimi, el birliyiylə evdə qalaraq təmizlik və gigiyena qaydalarına əməl edək, bu çirkabdan təmizlənərək yenidən o xoşbəxt günlərimizə geri dönək.