Green Start Academy "Dekabr - Nitq və Ünsiyyət Ayı"

Yanvar 09, 2024

1 Dekabr 2023-cü il tarixində Mərkəzimizdə ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək məqsədilə “Dekabr – Nitq və Ünsiyyət Ayı” elan olundu. Hazırlanmış proqram çərçivəsində nitq və ünsiyyətin inkişaf etdirilməsi istiqamətində bir çox məqamlara toxunuldu.
Ünsiyyət zamanı dilimizdə bacardığımız qədər əcnəbi sözlərdən istifadə edilməməsi əsas tapşırıq idi. Nitqimizi inkişaf etdirməkdən ötrü çoxlu mütailə etmək, mövzuya dair filmlərə baxmaq da proqrama daxil idi. Bunun üçün Cəlalə Nəzəroğlunun müəllifi olduğu “Danışığınla həyatı qazan” kitabını oxumağımız tövsiyə olundu. Bütün əməkdaşlar bir ay ərzində kitabı oxuyub, bir çox məlumatlar əldə etmiş oldular. Həmçinin proqrama atalar sözləri, məsəllər, aforizmlər öyrənmək, hər hansı bir əsərdən müəyyən bir hissəni və ya dialoqu qeyd etmək, ismarıc yazarkən orfoqrafik qaydalara riayət etmək, ətrafımızda gördüyümüz düzgün yazılmayan reklam postlarının şəklini çəkmək, təqdimat hazırlamaq və bu kimi bir çox tapşırıqları icra etmək daxil edilmişdir.
Beləliklə, ayın sonu bütün əməkdaşlar bəhs olunan mövzu əsasında təqdimat hazırlayaraq, bir-biriləri ilə aylığın yekun çıxışını bölüşdülər. Nitq və ünsiyyətin, özünüifadənin vacibliyi, onun inkişaf yollarına dair söhbətlər aparıldı. Əməkdaşlar aylığın tövsiyə olunan kitabı üzərindən müxtəlif məqamları müzakirə etdilər.
Nitqimizi niyə inkişaf etdirməliyik?
Gündəlik həyatımızda insanlarla ünsiyyət zamanı fikrimizi daha aydın şəkildə izah etmək, yeni yaradıcılıq işlərində, fəaliyyətimizin genişləndirilməsində, işgüzar görüşlər zamanı özümüzü düzgün ifadə etmək proseslərində uğurlu ünsiyyət olduqca önəmlidir. Ünsiyyətin uğurlu alınması üçün yüksək nitq mədəniyyətinin olması zəruridir. Əgər nitq bacarıqları aşağı səviyyədə olarsa, o zaman ünsiyyət, özünü düzgün şəkildə ifadə etmə bacarığı da olmayacaq.
Ümumiyyətlə, nitqimizin və ünsiyyətimizin gözəl və aydın olması üçün biz təkcə bir ay deyil, hər zaman öz üzərimizdə çalışmalıyıq. Gözəl bir natiq olmaq üçün daim mütailə etməli, bu mövzuda çoxlu araşdırmalar aparmalıyıq. Eyni zamanda nitqimizi zənginləşdirməkdən ötrü dilimizin lüğət tərkibini dərindən mənimsəməliyik. Bir sözlə, söz bazamızı artırmalıyıq. Bütün bunlar bizim ünsiyyətimizin gözəl və uğurlu alınmasına gətirib çıxarır. Əgər nitqimiz zəngin olarsa, insanlarla ünsiyyətimiz də gözəl və uğurlu alınacaqdır. Nitq etiketlərinə sadəcə dilimizdə deyil, eyni zamanda bədən dilimiz və jest-mimikalarımıza da diqqət etməklə əməl etmiş olarıq.

“Nitq və Ünsiyyət” – bu iki resurs bir-biri ilə vəhdət təşkil edir. Çalışaq ki, həmişə zəngin nitqimizlə və gözəl ünsiyyət qurma bacarığımızla hər kəsin həyatına müsbət təsir bağışlayaq.

4 YANVAR – CƏLİL MƏMMƏDQULUZADƏNİN XATİRƏ GÜNÜ11 YANVAR – BEYNƏLXALQ ÇOX SAĞ OL GÜNÜ